"Bloomberg" İngilətərədə keçiriləcək seçkilərin funt-sterlinqin məzənnəsinə necə təsir edəcəyi yönündə sorğu keçirib.
Oxu.Az "Bloomberg"ə istinadən xəbər verir ki, sorğuda iştirak edən analitiklərə görə, seçkilərdə heç bir partiya mütləq üstünlüyü təmin etməzsə, funt-sterlinq dollara nisbətdə 1.20 səviyyəsinə qədər geriləyəcək.
11 bankın və vasitəçi qurumun qatıldığı sorğunun nəticələrinə əsasən, seçkini Fəhlə Partiyası qazanarsa, bu, məzənnəyə mənfi təsir göstərəcək. Lakin Mühafizəkar Partiyasının seçkidə qələbəsi funt-sterlinqin məzənnəsinə dəstək ola bilər.
Analitiklər hesab edir ki, seçkinin nəticələrinin funt-sterlinqə təsirləri qısa və uzunmüddətli dövr üçün fərqli ola bilər. Məsələn, Torylerin qələbəsi qısa müddətdə dəstək olar, uzun perspektivdə isə “sərt Brexit” ehtimalını artıraraq funt-sterlinqə mənfi təsir göstərə bilər.
Hazırda sterlinq/dollar məzənnəsi 1.2907 səviyyəsindən əməliyyat olunur.
L.Ə.