Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

“Gənclik” metrosu yaxınlığındakı yol qovşağı nə üçün su altında qaldı?
Akkord korporasiyasından “Gənclik” metrosu yaxınlığında tunelləri su basması ilə bağlı vəziyyəti şərh ediblər.
Oxu.Az 1news.az-a istinadən xəbər verir ki, şirkətin mətbuat xidmətindən suyun tunellərdə yığılmasına leysan vaxtı tuneldə suyun çəkilməsi üçün nəzərdə tutulmuş bir nasosun işləməsi ilə əlaqələndiriblər.
“Biz güclü yağıntı barədə vaxtında xəbərdar edilmədik. Buna görə də, 1 nömrəli nasos stansiyası yağış sularının çəkilməsinin öhdəsindən gələ bilmədi. Təcili qaydada fövqəladə hallar üçün nəzərdə tutulmuş ikinci stansiya işə salındı.
İkinci stansiyanın işə salınması ilə tuneldə su yığılması halı aradan qaldırıldı. Hazırda bu problem tam həll olunub” – deyə, Akkord-an bildiriblər.
Şirkətin mətbuat xidmətindən qeyd ediblər ki, tuneldə suyun yığılması təkcə güclü yağışlarla əlaqədar deyil:
“Yağış yağarkən mövcud drenaj sistemi yağış sularının çəkilməsinin öhdəsindən gələ bilmədi və şəhərin mikrorayonlarından su Atatürk, Ziya Bünyadov və “Gənclik” metro stansiyası istiqamətində axmağa başladı”.
Akkord-dan vurğulayıblar ki, yeni yol qovşağının bütün sistemi tam olaraq saz vəziyyətdədir və yağış nəticəsində heç bir zərər dəyməyib.