Gürcüstandan avtomobil ixracı keçən il ilə müqayisədə 146 milyon dollar azalıb, bunu Gürcüstan milli statistika idarəsi bildirib.
Məlumatdan aydın olur ki, son aylar ərzində ixracın azalmasının səbəbi Gürcüstanın əsas əmtəəsinin – minik avtomobillərinin ixrac və təkrar ixracının azalmasıdır.
Oxu.Az-ın Gürcüstan KİV-nə istinadən verdiyi xəbərə görə, 2014-cü ildə keçən il ilə müqayisədə ixrac 23% və ya 146 milyon dollar azalıb. Avtomobillərin ixracından əldə edilən gəlir 492 milyon dollar təşkil edib.
Azərbaycana avtomobil ixracının azalmasının səbəbi, 2006-cı ilə qədər istehsal edilən avtomobillərə dair tənzimlənmələrin dəyişdirilməsidir, bu üzdən gürcü avtodillerləri bu ölkədə göstərilən ilə qədər istehsal edilmiş avtomobilləri realizə edə bilmirlər.
2014-cü ilin yanvar-noyabr ayında Gürcüstandan Azərbaycana 252,3 milyon dollar məbləğində minik avtomobili ixrac edilib, bu isə 2013-cü ilin yanvar-noyabr ayı ərzində olan göstəricidən 117 milyon dollar azdır.
Azərbaycan Gürcüstanın ən iri ixrac bazarıdır və bu da o deməkdir ki, Azərbaycanda yeni tənzimlənmələr gürcü bazarına təsir edir.
Ölkələr üzrə Gürcüstan üçün ən iri ixrac bazarları Azərbaycan - 19%, Ermənistan - 10%, Rusiya - 9,7%, Türkiyədir - 8,3%.