Oxu.Az-ın “Oyundan kənar” rubrikasının budəfəki qonağı bodibildinq üzrə Avropa çempionu Teymur Aslanovdur.
- Aslanov, bizə özündən danış. Necə bir ailən var və sənin seçiminə fikirləri necə oldu?
- Mən Teymur Aslanov Siyəzən rayonunda ziyalı, ən əsası həkim ailəsində doğulmuşam. Ailəm Siyəzəndə qalırdı, sonra Bakıya köçdük, burda yaşadıq. Bakıda Xırdalanda yaşayıram. Xarici dil təmayüllü gimnaziyada oxumuşam, sonra universitetdə Beynəlxalq hüquq fakültəsində oxumuşam. İki bacım var, biri həkimdir, biri isə müəllimədir. Atam da həkim olub.
- Evdə ən çox nəyə görə əsəbiləşirdilər?
- Evin tək oğlu olmuşam deyə məni ərköyün böyüdüblər. Mənə əsəbiləşmirdilər, xətrimə dəymirdilər, nə istəmişəmsə mənim üçün ediblər. Bəlkə də bütün bunlar ailədə tək oğlan olduğum üçündür (gülür).
- Güləşdən başlayan Teymurda bodi-yə maraq necə yarandı? Nəyə görə məhz bu idmanı seçdin?
- Məni idmana ilk dəfə atamla anam əlimdən tutub aparıb. İlk dəfə karate ilə məşğul olmuşam. Karate–Do göy kəmərin sahibiyəm, daha sonra cüdo ilə məşğul olmuşam, sambo, daha sonra bodibildinq. Əsgərlikdən sonra bu idman növünə marağım artdı və məşğul olmağa başladım.
Bu idman növünə 2005-ci ildən başladım, 2006-cı ildə 3-cü yeri tutdum. 2007-ci ildə isə Avropa çempionatında iştirak etdim. 2010-cu ildə Zaqafqaziya çempionu, 2013-cü ildə Avropa çempionu - dünya 3-cüsü, 2014-cü ildə Avropa 2-cisi oldum və 2014-cü il noyabr ayında ölkə çempionatında 1-ci yeri tutdum.
- Bodibildinq elə bir idman növüdür ki, orda vücudu göstərmək lazımdır. Hər adamın da qəbul edəcəyi idman növü deyil, sənin maneələrin oldumu heç?
- Əslində, düzünü desəm valideynlərim ilk öncə razı deyildi, çünki onlar idmanın ancaq zədəsini fikirləşir, yaxşı tərəfini isə fikirləşmirlər. Sonra yavaş-yavaş öyrəşdilər.
- Bax, valideynlərini öyrəşdirmisən, bəs sənin övladların belə etsə necə qəbul edərsən?
- İstəmərəm, həm də mənim iki qızım var.
- Evdə əsəbiləşəndə necə reaksiya verirsən?
- Ümumiyyətlə, əsəbiyəm. Evdə əsəbiləşəndə tez çölə çıxıram ki, bunu hiss etdirməyim, evə sakitləşib qayıdım. Ailəmi sevirəm (gülür). Onlara o əsəbi hiss etdirmək istəmirəm.
- Uşaqlıqda səni necə çağırırdılar? Ləqəbin var idimi?
- Aha, var idi, kök olduğuma görə “Totu” deyirdilər. Elə indi də bəzi hallarda deyirlər.
- İdmançılara “başqa işlə məşğul olursanmı?” sualı ünvanlayanda əksəriyyəti deyir ki, “vaxt yoxdur”. Səndən də bu cavabı eşidəcəyik, yoxsa xüsusi qabiliyyətin var, biz bilmirik?
- Mənim əl qabiliyyətim var (gülür). Bəlkə də təəccüblənəcəksən, amma peşəkar olaraq yağlı boya ilə şəkillər çəkirəm.
- Yaxşı, ilk nəyi ya da kimi çəkmisən?
- İlk dəfə mənzərə şəkli çəkmişəm. Amma müxtəlif əl işlərim var.
- Bəs haranı çəkmək istəyərsən?
- Misiri – insanlarını, piramidalarını çəkmək istəyərəm.
- Sevmədiyin hərəkət və yaxud söz?
- Söyüşü sevmirəm, ələlxüsus da xanımların işlətdiyi bəzi ifadələri.
Daha sonra xanımların çox makiyaj etməsini sevmirəm, təbii gözəllik daha yaxşı görsənir.
- Yadında qalan ifadə?
- Quzu qurddan, qurd insandan, insan da Allahdan qorxur - bu ifadə Topal Teymurdan yadımda qalıb. Bu ifadəni sevirəm.
- Bəs sən kimdən qorxursan?
- Allahdan başqa heç kəsdən qorxmuram.
`
Nərmin Kazımova
Foto: Ağa Rəhimov
www.oxu.az