2013-cü ilin müvafiq dövrü ilə müqayisədə, 2014-cü ilin yanvar-avqust aylarında Gürcüstandan Azərbaycana məhsul ixracı 19,2% (90 milyon dollar) azalaraq, 378,1 milyon dollar təşkil edib.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı Gürcüstanın Milli Statistika Xidməti yayıb.
Məlumata görə, 2014-cü ilin yanvar-avqust aylarında Gürcüstandan Azərbaycana 182,1 milyon dollarlıq minik avtomobilləri ixrac olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 89 milyon dollar azalma deməkdir.
Eyni zamanda qonşu ölkədən Azərbaycana armature ixracı 17,3 milyon dollar artaraq (2013-cü ilin yanvar-avqustu ilə müqayisədə) 42 milyon dollar təşkil edib.
Nəzərdən keçirilən dövrdə Azərbaycandan Gürcüstana ixracın həcmində artım qeydə alınıb. 2014-cü ilin səkkiz ayı ərzində ölkəmiz Gürcüstana 397 milyon dollarlıq məhsul satıb (4,4%-lik artım).
Bu dövrdə Gürcüstana 176,7 milyon dollar məbləğində qaz, 159 milyon dollarlıq isə neft satılıb.
Ümumilikdə 2014-cü ilin yanvar-avqustunda Azərbaycan Gürcüstanın ticarət tərəfdaşları arasında 2-ci yerdədir. İki ölkənin xarici ticarət dövriyyəsi 775 milyon dollara çatır.