2025-ci ilin yanvar-sentyabr aylarında hava nəqliyyatından ümumi gəlir 2 milyard 944 milyon 576.5 min manat təşkil edib. Ötən ilin müvafiq dövründə isə ümumi gəlir 3 milyard 473 milyon 693.8 min manat olmuşdu. Bu isə təxminən 15.2% azalma deməkdir.
Oxu.Az rəsmi statistikaya istinadən xəbər verir ki, hesabat dövründə hava nəqliyyatında yükdaşımadan əldə olunan gəlir 1 milyard 666 milyon 482.7 min manat təşkil edib. Ötən ilin müvafiq dövründə bu məbləğ 1 milyard 935 milyon 421.5 min manat olub. Bu il yükdaşımadan əldə olunan gəlirin 1 milyard 665 milyon 630.2 min manatı beynəlxalq, 852.5 min manatı isə daxili daşımaların payına düşüb
Sərnişindaşımalardan əldə olunan gəlir isə 1 milyard 278 milyon 93.8 min manat təşkil edib. Bu göstərici 2024-cü ilin eyni dövründə 1 milyard 538 milyon 272.3 min manat olub. Bu il sərnişin daşımalarından gəlirin 1 milyard 221 milyon 677.2 min manatı beynəlxalq, 56 milyon 416.6 min manatı isə daxili reyslər üzrə formalaşıb.
2025-ci ilin yanvar-sentyabr aylarında hava nəqliyyatı ilə 288.3 min ton yük daşınıb. Bu göstərici 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 8.2 faiz azdır. Yüklərin 284.9 min tonu beynəlxalq, 3.4 min tonu isə daxili istiqamətlər üzrə daşınıb.
Hesabat dövründə hava nəqliyyatı ilə 3 milyon 104.9 min sərnişin daşınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1.5 faiz çoxdur. Sərnişinlərin 2 milyon 524 mini beynəlxalq, 580.9 mini isə daxili reyslərin payına düşüb.