2014-cü ilin yanvar-iyul aylarında ölkədə 34,0 milyard manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,4 faiz çox ümumi daxili məhsul istehsal olunub, ÜDM-in əhalinin hər nəfərinə düşən həcmi 3621,3 manat (4617,3 ABŞ dolları) təşkil edib.
Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“ÜDM-in 45,5 faizi sənayedə, 11,4 faizi tikintidə, 4,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda, 7,6 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində, 5,0 faizi nəqliyyat və anbar təsərrüfatında, 2,2 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə xidmətləri sahəsində, 1,7 faizi informasiya və rabitə xidmətlərində, 14,6 faizi isə sosial və digər xidmətlər sahəsində istehsal olunub.
Məhsula və idxala xalis vergilər ÜDM-in 7,1 faizini təşkil edib.
Bu dövrdə iqtisadiyyatın qeyri-neft sektorunda əlavə dəyər 6,8 faiz artıb, onun ÜDM-də xüsusi çəkisi əvvəlki ildəki 55,4 faizdən 56,8 faizədək yüksəlib.
Müvafiq olaraq ümumi daxili məhsulun 43,2 faizi neft-qaz istehsalı və emalı sahələrinin payına düşüb və əvvəlki ilə nisbətən 3,1 faiz azalıb”, - məlumatda deyilir.
Gülnarə Zeynalova
www.oxu.az