Azərbaycanın dövlət borcu son bir ildə təxminən 100 milyon dollar artaraq 5,75 milyard dollardan 5,85 milyard dollara yüksəlib.
Oxu.Az Marja-ya istinadən xəbər verir ki, belə ki, 2012-ci ilin sonuna Azərbaycanın təqribən 5,75 milyard dollar xarici dövlət borcu vardı.
2012-ci ildə ölkəmizdə ümumi daxili məhsul (ÜDM) istehsalının 68 milyard dollar olduğunu nəzərə aldıqda, xarici dövlət borcunun ÜDM-in 8,4% səviyyəsində olduğu məlum olurdu. Bu da Azərbaycanda adambaşına 615 dollar xarici dövlət borcunun olması demək idi.
Cari ilin fevralın 5-də Dövlət Proqramlarının icrasına həsr olunmuş konfransda Azərbaycan Prezidenti İlham Əliyev bildirdi ki, xarici dövlət borcumuz ÜDM-in 8% həcmindədir.
2013-cü ildə Azərbaycanın ümumi daxili məhsulu 73 milyard dollar (57,7 milyard manat) olub, bunun 8%-i təxminən 5,85 milyard dollar edir.
Yəni, 2013-cü ildə dövlət borcumuz 100 milyon dollar artıb.
İlin əvvəlinə Azərbaycan əhalisinin sayının 9 milyon 477 min 100 nəfər və dövlət borcunun 5,85 milyard dollar olduğunu nəzərə alsaq, hər bir ölkə vətəndaşına 617 dollar dövlət borcu düşür.
Azərbaycan borclanmanı aşağı səviyyədə saxlayır, beynəlxalq maliyyə bazarlarından maliyyə resurslarını az cəlb edir. Ölkə iqtisadiyyatına investisiyalar xaricdən cəlb edilən investisiyalardır, dövlət büdcəsindən və Dövlət Neft Fondunun ayrılan vəsaitlər hesabına qoyulur.
“Bu gün inkişaf etmiş ölkələrdə bu göstərici 100% də çoxdur. Ancaq Azərbaycanda 8%. Misal üçün, xarici dövlət borcunun 50%-i ümumi daxili məhsula nisbətdə məqbul hesab edilir. Biz hazırda 30 milyard dollar kredit resurslarını alsaq, yenə də bu göstərici ən yüksək səviyyədə olacaq. Yəni, bu, Azərbaycanın iqtisadi potensialını əyani şəkildə göstərən amildir. Gələcək illərdə xarici borcun aşağı səviyyədə saxlanması hesab edirəm ki, düzgün siyasət olacaq”, - Azərbaycan Prezidenti deyib.