Bu gün Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərracını keçirib.
Oxu.Az Dövlət Komitəsinə istinadən xəbər verir ki, hərracda Bakının Nərimanov rayonunda yerləşən 50 kv.m.-lik və 40 kv.m.-lik qeyri-yaşayış sahələrinin ilkin start qiymətləri müvafiq olaraq 15 min manat və 14 min manat olsa da, sonda onlara 31 150 manat və 32 min manat təklif edilib.
Nəqliyyat vasitələrinin satışı da rəqabətli keçib. “QAZ-3102” və “Nissan Maxima” markalı avtomobillərin start qiymətləri müvafiq olaraq 2 000 manat və 2 775 manat olsa da, sonda 3800 manata və 5 050 manata özəlləşdirilib.
Ümumilikdə hərracda 21 dövlət əmlakı özəlləşdirilib. Bunlardan dördü kiçik dövlət müəssisə və obyekti, 15-i qeyri-yaşayış sahəsi, ikisi isə nəqliyyat vasitəsidir. Bakı şəhəri üzrə 15 istifadəsiz qeyri-yaşayış sahəsi və iki nəqliyyat vasitəsi, respublikanın digər şəhər və rayonları üzrə dörd kiçik dövlət müəssisəsi özəlləşdirilib.
L.Ə.
www.oxu.az