Banklara üç ildən yuxarı yatırılan əmanətlər həyat sığortası şirkətlərinin potensial yığımlarıdır.
Oxu.Az Marja-ya istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) sədri Orxan Bayramov jurnalistlər ilə keçirdiyi görüşdə deyib.
“Həyat sığortası daha böyük templər ilə artacaq. Bankların depozit portfelinə baxdıqda, həyatın yaşam sığortası üzrə milyardlar ilə vəsaitin cəlb olunması imkanının olduğunu görürük”, - o bildirib.
Mərkəzi Bankın məlumatına görə, may ayının 1-i tarixinə banklarda əhalinin 2,6 milyard manatdan çox uzunmüddətli əmanəti var.
“Azərbaycanın 3 həyat sığortası şirkəti arasında rəqabət kifayət qədər hiss olunur. Onların bankların müştərilərinin bir hissəsini özlərinə cəlb edə biləcəyinə inanıram. Bu, rəqabətdir”, - Orxan Bayramov əlavə edib.
Mərkəzi Bankın məlumatına görə, Azərbaycanda depozitlər üzrə orta faiz dərəcəsi 9,2% təşkil edir. Həyatın yaşam sığortası üzrə gəlirlilik isə əsasən gəlir vergisinin, məcburi dövlət sosial sığorta haqqının və həmkarlar təşkilatına üzvlük haqqının ödənilməməsi hesabına 20%-ə çatır.
Qeyd edək ki, 2014-cü ilin yanvar-may ayları üzrə sığorta növləri arasında ən böyük artım həyat sığortasında qeydə alınıb. Həyatın yaşam sığortası üzrə yığımlar ötən ilin eyni dövrü ilə müqayisədə 73% artaraq 25,8 milyon manatı ötüb.