Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Heydər Əliyevin anadan olmasının 100 ilinin tamam olması ilə əlaqədar konfrans keçirildi - FOTO
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 ilinin tamam olması ilə əlaqədar İqtisadiyyat Nazirliyində “Azərbaycanda BMT-nin inkişaf təşəbbüslərinin həyata keçirilməsində Heydər Əliyevin rolu” mövzusunda konfrans keçirilib.
Nazirlikdən verilən məlumata görə, tədbirdə çıxış edən Baş nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov ümummilli liderin xalqın tələbi ilə yenidən hakimiyyətə gəlməsi nəticəsində bütün sahələrdə olduğu kimi, xarici siyasətdə də əhəmiyyətli dəyişikliklər baş verdiyini vurğulayıb.
Həmin dövrdə yenicə müstəqilliyini əldə etmiş dövlətin milli maraqlara uyğun xarici siyasət kursunun işlənib hazırlanması dahi strateq Heydər Əliyevin sayəsində mümkün olub. O vaxtdan Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinin nəticələrinin dünya ictimaiyyətinə çatdırılması və ölkəmizin haqlı tələblərinin yerinə yetirilməsi xarici siyasət kursumuzda əsas yerlərdən birini tutmağa başlayıb. Ulu öndərin rəhbərliyi ilə Azərbaycanın beynəlxalq aləmə inteqrasiyası, həmçinin BMT ilə əməkdaşlığın inkişafı, birgə layihələrin həyata keçirilməsi ölkəmizin dünyada nüfuzunu artırmaqla yanaşı, iqtisadi potensialımızı daha da gücləndirib, inkişafa töhfə verib. Azərbaycanın sürətli inkişaf dinamikası isə əhalinin rifahının daha da yüksəlməsinə xidmət edir.
İqtisadiyyat naziri Mikayıl Cabbarov müasir Azərbaycan dövlətçiliyinin banisi Heydər Əliyevin ölkəmizdə siyasi institutların formalaşmasında, sosial-iqtisadi inkişafda misilsiz xidmətlərindən danışıb. Vurğulanıb ki, məhz Heydər Əliyevin liderlik məharəti, strateji qərarları sayəsində ölkəmizdə güclü və müstəqil dövlət, davamlı inkişaf edən iqtisadiyyat və rifahlı cəmiyyət formalaşıb.
Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin möhkəmləndirilməsinə ulu öndər tərəfindən daim diqqət yetirilib. Ölkəmizdə Minilliyin İnkişaf Məqsədlərinə nail olunması məqsədilə kompleks tədbirləri əhatə edən dövlət proqramlarının uğurla həyata keçirilməsi nəticəsində Azərbaycan bir çox hədəflər üzrə mühüm nailiyyətlər əldə edib. Ölkəmiz yoxsulluğun yarıya qədər azaldılması öhdəliyini götürən 128 ölkə arasında bu öhdəliyi yerinə yetirən 18 ölkədən biri olub, 2010-cu ildə “orta insan inkişafı” statusuna malik ölkələr qrupundan çıxaraq “yüksək insan inkişafı” kateqoriyasına daxil olub. Bildirilib ki, BMT-nin Minilliyin Bəyannaməsinin davamı olaraq respublikamız “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”dən irəli gələn Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) qoşulub. DİM-in icrası ölkədə uğurla davam etdirilir, bu istiqamətdə dünyada 10 ölkədən biri, regionda ilk ölkə olan Azərbaycan tərəfindən BMT-nin Yüksək Səviyyəli Siyasi Forumuna 3 hesabat təqdim edilib, növbəti hesabatın isə gələn il təqdim olunması nəzərdə tutulub.
BMT-nin Qaçqınlar üzrə Ali Komissarının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Bik Lum Heydər Əliyevin Azərbaycan-BMT münasibətlərinin inkişafında, ölkəmizin sosial-iqtisadi sferada əsas hədəflərinə nail olunmasında mühüm xidmətlərini vurğulayıb, BMT-Azərbaycan tərəfdaşlığının 30 ildən artıq müddətdə uğurla davam etdiyini bildirib. Qeyd olunub ki, Minilliyin İnkişaf Məqsədlərinin icrasına böyük töhfə verən Heydər Əliyevin başladığı təşəbbüslər nəticəsində Azərbaycanda yoxsulluq səviyyəsi 49%-dan 5%-ə enibş, ölkənin İnsan İnkişafı İndeksində göstəriciləri isə 30 faiz artmışdı. Bik Lum, həmçinin bildirib ki, hazırkı əməkdaşlıq çərçivəsini icra etmək və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün BMT Azərbaycanın bütün səylərini dəstəkləyəcək.
Konfransda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, millət vəkilləri Ziyad Səmədzadə, Məzahir Əfəndiyev, Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov, BMT Əhali Fondunun Ölkə üzrə Nümayəndəliyinin rəhbəri Fərid Babayev ulu öndərin zəngin iqtisadi bilik və təcrübəsi əsasında Azərbaycanda iqtisadi tərəqqinin, bazar iqtisadiyyatı prinsiplərinin bərqərar olması, qeyri-neft sektorunun, sənayenin, sosial infrastrukturun, qanunvericiliyin inkişafı və təkmilləşdirilməsi, insan hüquqlarının, gender bərabərliyinin təşviqi istiqamətində həyata keçirdiyi uğurlu islahatlardan söz açıblar.
Tədbirdə ulu öndərin Azərbaycanın beynəlxalq münasibətlərinin formalaşması, Azərbaycan-BMT əlaqələrinin inkişafı ilə bağlı gördüyü işlər, təşkilatın Baş Assambleyasında çıxışları və yüksək səviyyəli görüşlərini əks etdirən film nümayiş olunub.
"Bahar Muradova" teqi üzrə xəbərlər
- Bahar Muradova: "Erkən nikahlarla bağlı problem yaradan bütün məqamları aradan qaldırmışıq"
- Bahar Muradova: "Uşaqlar milli-mənəvi dəyərlərimizin daşıyıcılarıdır"
- Nazirlərlə görüşmək istəyən vətəndaşların NƏZƏRİNƏ: Qəbul günləri AÇIQLANDI
- Bahar Muradova: "Azərbaycan ətraf mühitin qorunmasına dair zəruri qanunvericilik bazası hazırlayıb"
- Bahar Muradova: "Qadınlar üçün həssas gender tədbirləri həyata keçirmək prioritetlərdən biridir"