Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

İcbari sığorta haqları nağdsız ödəniləcək
"Hazırda icbari sığorta haqları əksər hallarda sığortalıların vəsaiti əlbəəl sığorta vasitəçilərinə verməsi yolu ilə ödənilir. Bu həm sığortalılar üçün qarşı tərəfdən asılı olmaq kimi müəyyən narahatlıqlar yaradır, həm də bəzi hallarda sığorta vasitəçilərinin bundan sui-istifadə etməsinə yol açır".
Oxu.Az xəbər verir ki, bu barədə İcbari Sığorta Bürosunun dərc etdiyi yarımillik hesabatda qeyd edilir.
Bildirilir ki, sığorta haqlarının ödənişi zamanı sığortalıların müstəqilliyini və rahatlığını təmin etmək, eləcə də vasitəçiliklə bağlı mümkün suiistifadə hallarının qarşısını almaq məqsədilə bağlanılan icbari sığorta müqavilələri üzrə sığorta haqlarının nağdsız ödənişinə keçirilməsi nəzərdə tutulub.
Sığorta haqlarının nağdsız ödənişi üsullarından biri kimi ictimai yerlərdə quraşdırılmış ödəniş köşklərinin istifadəsi nəzərdən keçirilir.
Hazırda AVSMMİS növü üzrə sığorta haqlarını Hökumət Ödəniş Portalının sisteminə qoşulmuş “Express Pay” ödəniş terminalları vasitəsilə ödəmək mümkündür. Bundan əlavə, vətəndaşlar müstəqil şəkildə Hökumət Ödəniş Portalına daxil olaraq orada sığorta haqlarını onlayn ödəyə bilərlər. Ödəniş terminallarının kütləviliyini və əhalinin onlardan fəal istifadə etməsini nəzərə alaraq, Büro digər icbari sığorta növləri üzrə də sığorta haqlarının ödənişinin bu terminallar vasitəsilə qəbulu imkanının yaradılması üzərində çalışır. Həmçinin bu imkanın müxtəlif ödəniş sistemlərinə məxsus terminallarda mövcud ola bilməsi üçün hazırda həmin təşkilatlarla texniki müzakirələr aparılır.
L.Ə.