Ölkədə kiçik pay torpaqlarının birləşdirilməsi nəticəsində kooperativlərin yaradılması zərurətə çevrilib.
Bu fikirləri kənd təsərrüfatı naziri İnam Kərimov Sabirabad rayonunun Axısxa kəndində yaradılmış “Axısxalılar Toxum İstehsal Kooperativi”nin təqdimat mərasimində deyib.
Nazir bildirib ki, prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar nəticəsində aqrar sahə öz inkişafının yeni mərhələsinə qədəm qoyub.
“Qarşımızda duran əsas məsələlərdən biri məhsuldarlığın artırılmasıdır. Bu hədəfə çatmaq üçün mövcud su və torpaq resurslarından səmərəli istifadə etmək lazımdır. Kənd təsərrüfatı kooperativlərinin yaradılması torpaqlardan daha səmərəli istifadəyə imkan verir, fermerlərin gəlirləri daha da artmış olur.
Bu üsul rəqabət qabiliyyətli məhsul istehsalına imkan verir, xarici bazarlara çıxışı asanlaşdırır. Kooperativləşmə aqrar sahədə bir çox məsələləri daha asanlıqla həll etməyə imkan verir. Siz kooperativə iri investisiya layihələri cəlb edə, daha uyğun şərtlərlə yeni, müasir texnika ala biləcəksiniz”.