Avropanın enerji təhlükəsizliyində Azərbaycan getdikcə daha mühüm yer tutur və bu istiqamətdə həyata keçirilən layihələr sırasında Cənub Qaz Dəhlizi böyük əhəmiyyət daşıyır.
Oxu.Az xəbər verir ki, bu sözləri Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Böyük Britaniya Baş nazirinin Azərbaycan, Qazaxıstan və Türkmənistan ölkələrində ticarət məsələləri üzrə elçisi Çarlz Hendri ilə görüşü zamanı bildirib.
“Görüşdə professor Çarlz Hendri budəfəki səfərində əsas məqsədin Prezident İlham Əliyevin təşəbbüsü ilə “Azərbaycan Respublikasının Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi və ticarət əməkdaşlığı haqqında” Anlaşma Memorandumunun imzalanması olduğunu söyləyib”- SOCAR-ın məlumatında deyilir.
Öz növbəsində, Çarlz Hendri Böyük Britaniyanın Azərbaycan enerji sektoruna maraq göstərdiyini vurğulayıb.