Azərbaycan İpoteka fondunun (AİF) xətti ilə verilmiş ipoteka kreditlərinin ümumi sayından 2014-cü ilin birinci rübündə sosial ipotekanı 266, kommersiya şərtləri ilə isə 368 nəfər alıb.
Oxu.Az bildirir ki, AİF-in məlumatına görə, kredit alanların yaş həddi əsasən gənc nəslə aiddir. Belə ki, ipoteka krediti alanların 38,5%-i 18-29 yaş arası, 32,8%-i 30-35 yaş arası, 28,7%-i isə 36 yaşdan yuxarı şəxslərdir.
Qeyd edilir ki, verilmiş ipoteka kreditlərinin 94,9%-i çoxmərtəbəli binalarda mənzil almaq üçün, əsasən yeni tikililərdə isə 5,1-% xüsusi evlərin alınması üçün götürülür.
İpoteka kreditlərinin təxminən yarısı 40,5%-i 40-60 kv.metrlik mənzilin, 26,7% -i 60-80 kv.metrlik, 11,6%-i 80-100 kv.metrlik, 9,3%-i 40 kv.metrdən az, 6,8%-i 120 kv.metrdən çox, 5,2%-i 100-120 kv.metr sahəsi olan yaşayış yerlərinin alınması üçün istifadə edilir.
Ümumilikdə ipoteka ilə alınan mənzillərin 63,5%-i 30-60 min manat, 28%-i 60-90 min manat, 3,7%-i 30 min manata qədər, 3,3%-i 90-120 min manat, 1,5%-i isə 120 min manatdan artıq olur.
Xatırladaq ki, ipoteka kreditləri kommersiya şərtləri altında 3 ildən 25 ilə qədər müddətə verilir, onların maksimal həcmi 50 min manat, illik kredit faizi isə 8%-ə qədərdir.
Həcmi 50 min manata qədər olan sosial ipoteka dövlət büdcəsi hesabına maliyyələşdirilir. Onun illik faizi 4%-dir.
Gülnarə Zeynalova
www.oxu.az