2015-ci ilin mayın 1-nə olan məlumata görə, banklar tərəfindən 34,9 milyon manat məbləğində ipoteka krediti verilib. Bu da ilin əvvəli ilə müqayisədə 62,2 milyon manat və ya 64% azdır.
Bu barədə Oxu.Az-a Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
Müvafiq dövrdə Azərbaycan İpoteka Fondunun (AİF) agent bankları 21,9 milyon manat məbləğində krediti yenidən maliyyələşdirib.
2015-ci ilin 4 ayında isə AİF-in sosial ipotekanı maliyyələşdirməsi üçün dövlət büdcəsindən 9,2 milyon manat məbləğində vəsait ayrılıb. Qeyd edək ki, təkcə 2014-cü ilin bir ayında sosial ipotekanı maliyyələşdirmək üçün dövlət büdcəsindən 10 milyon manat vəsait ayrılmışdı.
Xatırladaq ki, 2015-ci ilin mayın 1-nə olan məlumata görə, kreditlərin müddəti sabit qalıb - 279 ay.
Faiz dərəcəsi bir ayda (mart ayının aprel ilə müqayisəsi) 0,02% azalaraq, 6,74% olub. Kreditlərə görə aylıq ödəniş məbləği isə 0.4 manat artaraq 297,6 manat təşkil edib.
İqtisadçı-ekspert Vüqar Bayramov isə bildirir ki, banklar ilkin ödəniş məbləğini artırmaqla xüsusən də bu ilin fevralında baş verən devalvasiyadan sonra risklərini minimumlaşdırmağa çalışırlar.
“İlkin ödəniş məbləğinin artırılması aztəminatlı ailələrin ipoteka proqramından faydalanmasında çətinliklər yaradır. Bu o deməkdir ki, 60 min manatlıq mənzil almaq istəyən şəxs ən azı 24 min manat ilkin ödəniş etməlidir” - deyə, o qeyd edib.
Ülviyyə R. Əli
www.oxu.az