2015-ci il mayın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 504,7 min nəfər olub, onlardan 874,7 min nəfəri iqtisadiyyatın dövlət bölməsində, 630 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərib.
Bu barədə Oxu.Az-a Dövlət Statistika Komitəsindən (DSK) bildirilib.
Komitə bildirir ki, muzdla işləyənlərin 22,5 %-i təhsildə, 18,9 %-i ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində, 12,1 %-i sənayedə, 8,8 %-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsində, 6,7 %-i tikintidə, 4,6 %-i nəqliyyat və anbar təsərrüfatında, 3,8 %-i peşə, elmi və texniki fəaliyyət sahəsində, 3%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 1,7 %-i informasiya və rabitə sahəsində və 17,9 %-i iqtisadiyyatın digər sahələrində məşğul olub.
2015-ci ilin yanvar-aprel aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 452,3 manat olub. İqtisadiyyatın mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, informasiya və rabitədə, peşə, elmi və texniki fəaliyyət sahəsində, tikintidə orta aylıq nominal əmək haqqı daha yüksək olub.
Ülviyyə R. Əli
www.oxu.az