Mayın 30-da Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti növbəti Əmək yarmarkasını Bakı şəhərinin Qaradağ rayonunda keçirəcək.
Oxu.Az xəbər verir ki, Nazirlikdən verilən məlumata görə, tədbir Qaradağ rayon Mədəniyyət evində (Bakı şəhəri, Qaradağ rayonu Lökbatan qəsəbəsi, S.Orucov küçəsi 23) keçiriləcək.
Yarmarkada paytaxtın Qaradağ, Səbail və Yasamal rayonlarının Məşğulluq Mərkəzləri tərəfindən toplanmış boş (vakant) iş yerləri işsiz və iş axtaran vətəndaşlara təklif olunacaq.
Qaradağ rayon İcra Hakimiyyətinin dəstəyi ilə təşkil olunacaq tədbirdə vakant iş yerləri təqdim edən ayrı-ayrı dövlət və qeyri-dövlət müəssisələrinin, o cümlədən iri şirkətlərin nümayəndələri də iştirak edəcək. Yarmarka çərçivəsində əmək bazarının tələblərinə uyğun yeni peşələrə yiyələnmək istəyənlərin peşə hazırlıq kurslarına qeydiyyatının aparılması, eləcə də müvəqqəti xarakterli işlər təqdim olunması məqsədilə Bakı Əmək Birjasının fəaliyyəti də təmin olunacaq.
Gülnarə Zeynalova
www.oxu.az