May ayında müavinətin həcmi Azərbaycanda aprel ayına nisbətən 0,7% azalıb.
Ay ərzində istehlakçı qiymətlərinin (0,8%) enməsini nəzərə alaraq müavinətin həcmi 0,1% artıb.
Oxu.Az Abc.az-a istinadən xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilib.
Məlumata əsasən, 2014-cü il 1 iyun tarixində ölkədə işsiz kimi rəsmi olaraq 36867 nəfər qeydiyyata alınıb, may ayında bu göstərici 36817 nəfər, aprel ayında 36825 nəfər, 2014-cü ilin əvvəlində 36209 nəfər və 2013-cü ilin əvvəlində isə 36791 nəfərdən ibarət olub. Başqa sözlə desək işsizlərin sayı may ayı ərzində 50 nəfər, cari il ərzində isə 658 nəfər artıb.
2014-cü ilin iyun ayının 1-nə işsizliyə görə müavinət 246,3 manat, may ayında bu göstərici 247,8 manat, 2014-cü ilin əvvəlində isə 268,5 manatdan ibarət idi.
Bu müavinəti 2014-cü ilin iyun ayının 1-i üçün 2306 nəfər alırdı, may ayında bu göstərici 2093 nəfər və ilin əvvəlində isə 636 nəfər idi.
2014-cü ilin iyun ayının 1-də ən çox işsiz Bakının 12 administrativ rayonunda (13 814 nəfər, onlardan 813 nəfəri müavinət alırdı) və 18 Aran iqtisadi rayonu (10 064 nəfər işsiz və 429 nəfər müavinət alırdı) ərazisində qeydiyyata alınıb.
Məlumata əsasən ölkənin əməkqabiliyyətli əhalisi 2014-cü ilin iyun ayının 1-də 4,784 milyon nəfər, may ayında 4,775 milyon nəfər və ilin əvvəlində 4,757 nəfərdən ibarət olub.