İsveçrənin “Stadler Rail Group” şirkəti ilə Azərbaycanın “Railway İnternational Distribution” MMC şirkəti arasında birgə müəssisənin yaradılması haqqında müqavilə imzalanıb.
Oxu.Az xəbər verir ki, müqavilənin şərtlərinə əsasən Azərbaycanın Gəncə şəhərində ildə başlanğıc olaraq 50 vaqon istehsal gücünə malik zavod inşa olunacaq.
Bu zavod İsveçrə istehsalı olan ən son texnoliji avadanlıqlarla təchiz olunacaq.
Gəncə vaqon zavodunda istehsal olunan vaqonların Azərbaycana, həmçinin Türkiyə, Gürcüstan, Qazaxstan, Özbəkistan, Türkmənistan və İrana satışı nəzərdə tutulub.
Qeyd edək ki,Stadler Rail şirkəti sərnişin vaqonlarının, xüsusiləşdirilmiş vaqonların, tramvay və parovozların istehsalı üzrə ixtisaslaşır.
Şirkətin İsveçrə, Almaniya, Polşa, Avstriya, İtaliya, ABŞ və digər ölkələrdə zavodları fəaliyyət göstərir.
Zavodun istehsal etdiyi məhsullardan dünyanın 13 ölkəsində istifadə olunur.
Onu da əlavə edək ki, “Stadler Rail Group” şirkəti ilə Azərbaycanın “Railway İnternational Distribution” MMC arasında bağlanılan bu müqavilə son illər Azərbaycanda nəqliyyat infrastrukturunun davamlı inkişafı üzrə dövlət siyasətinin tərkib hissəsidir.
Belə ki, bu gün Azərbaycanda nəqliyyat infrastrukturunun yenilənməsi, müasirləşdirilməsi, yeni növ texnikaların alınması Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasi və iqtisadi xəttin bəhrəsidir.
Son illərdə Azərbaycanın nəqliyyat infrastrukturu davamlı və dayanıqlı inkişaf göstərərək, bu gün ölkəmizin regionda bu sahədə şəksiz liderliyini təmin etməyə imkan verib. Azərbaycan hal-hazırda Qərb və Şərq arasında ən mühüm nəqliyyat dəhlizi rolunu oynamaqdadır.
Prezident İlham Əliyev respublikada nəqliyyat-loqistika sahəsinin inkişafına xüsusi qayğı göstərir.