2014-cü ilin iyun ayında 69,440 avtonəqliyyat vasitəsi icbari sığortaya cəlb olunub.
Oxu.Az xəbər verir ki, İcbari Sığorta Bürosundan (İSB) verilən məlumata görə, bunların 20 minə qədərini xarici ölkədə qeydiyyata alınmış və Azərbaycan Respublikasına tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri təşkil edib.
Göstərilən dövrdə bağlanmış icbari sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği 5 milyon manatdan çox olub.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə sığorta müqavilələrinin sayında 1,4% artım, sığorta haqlarının məbləğində 2,28% azalma müşahidə edilib.
Ümumilikdə cari ilin altı ayı ərzində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 416 mindən çox sığorta müqaviləsi bağlanılıb və müqavilələr üzrə sığorta haqları 32,2 milyon manat təşkil edib.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə 2014-cü ilin ilk altı ayı ərzində sığorta müqavilələrinin sayında 5,03%, sığorta haqlarının məbləğində isə 6,39% azalma müşahidə edilib.
“Cari ilin iyun ayında orta sığorta haqqı 73 manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,75 (iki manat yetmiş beş qəpik) manat azdır.
İyun ayı ərzində İcbari Sığorta Bürosunun iştirakçıları olan sığorta şirkətləri tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” üzrə 1,4 milyon manatdan çox məbləğdə sığorta ödənişi həyata keçirilib”, - məlumatda deyilib.
Bundan əlavə, İSB-nin məlumatına görə, 2014-cü ilin iyun ayı ərzində “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” üzrə Büronun iştirakçıları olan sığorta şirkətləri tərəfindən 1,145 sığorta tələbi üzrə 1,436,630 manat məbləğində sığorta ödənişi həyata keçirilib.
Ümumilikdə 2014-cü ilin altı ayı ərzində “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” üzrə Büronun iştirakçıları olan sığorta şirkətləri tərəfindən 12,503,280 manat məbləğində sığorta ödənişi həyata keçirilib.
Cari ilin iyun ayında İcbari Sığorta Bürosu tərəfindən 6 kompensasiya tələbi üzrə cəmi 23,750 manat məbləğində kompensasiya ödənişi həyata keçirilib. 2014-cü ilin ilk altı ayı ərzində İcbari Sığorta Bürosu tərəfindən ümumilikdə 73,260 manat məbləğində kompensasiya ödənişi həyata keçirilib.
Gülnarə Zeynalova
www.oxu.az