Park Bulvarda Ümumdünya Memarlıq günü qeyd edilib.
Oxu.Az Day.Az-a istinadən xəbər verir ki, tədbir Ləman Əsgərovanın Dizayn studiyası ilə Park Bulvarın PR meneceri Günay Malikqızı ilə bərabər hazırlanıb. Təşkilatçılar düşünmədən bu peşə bayramını uşaqlarla keçirməyi, onlarda bu sənətə məhəbbət aşılamağı qərara alıblar.
Ləman Əsgərova çox həyəcanlı idi, çünki belə tədbiri ilk dəfə idi ki, keçirirdi.
“Mən dizayner-memaram, ona görə də bu bayramı keçirmək qərarına gəldim. Azərbaycanda bu bayram naməlum səbəblər üzündən keçirilmir. Bir çox insanlar mənə yardım etməyə razılaşdılar. Biz bunu əsasən uşaqlarla keçirməyi qərara aldıq. Ümid edirəm ki, onlar üçün maraqlı olacaq. Bu, bizim peşə bayramımızdır, amma mən uşaqlara sevinc bəxş etmək istəyirəm, çünki mən özüm də anayam. Uşaqlar həyatımızda olan ən gözəl varlıqlardır. Biz – memarlar gələcəyi uşaqlarımız üçün tikirik”, - Ləman deyib.
Qonaqlar müsabiqənin başlanmasını səbirsizliklə gözləyən uşaqları ilə Park Bulvarın birinci mərtəbəsinə toplaşmağa başladılar. İştirakçı və münsiflər üçün stullar düzülmüşdü. Münsiflər heyətinə Bəhram Bağırzadə, DJ China və Ləman Əsgərova daxil idi. Tədbir başlayana qədər toplaşan qonaqları digər DJ-lər əyləndirirdi. Bütün bunlarla yanaşı arzu edənlər face-art-dan da istifadə edə bilərdilər. Bayram tədbirində məşhur fotoqraf Ruslan Nəbiyev də iştirak edirdi.
Bəhram Bağırzadə özü də bayrama iki övladı ilə gəlmişdi. Aktyorun sözlərinə görə memarlıq bizə qədimdən gəlmiş incəsənət və elmdir.
“Bizim əcdadlarımız hava şəraitindən və düşmənlərdən qorunmaq üçün tikililər yaradırdılar. İndi isə memarlıq tikililərini xarici və daxili gözəllik, rahatlıq və uzun illik istismar baxımından yaradırlar. Memarlıq çox şeydə tariximizi müəyyənləşdirir. Bu bayramda böyük məmnuniyyətlə iştirak etməyə razılıq verdim. Uşaqlarla hər zaman vaxt keçirməyə hazıram”, - B.Bağırzadə deyib.
Hamı səbirsizliklə DJ Chinanın gəlməyini gözləyirdi. O gələn kimi Ləman Əsgərovanın köməkçisi Vlada Axundova müsabiqənin başlanmasını elan etdi. Münsiflərin stolunun üstündə konstruktorlar qoyulmuşdu, bunlardan uşaqlar beş dəqiqə ərzində nə isə quraşdırmalı idilər.
Hər bir münsifə bir uşaq yaxınlaşırdı, amma təşkilatçılar və valideynlər uşaqları güclə saxlayırdılar, çünki onların hamısı müsabiqədə iştirak etmək istəyirdi. Bəhram Bağırzadənin qrupu bütün raundlarda qələbə qazandı.
O, uşaqlara qeyri-adi binalar – teatr, zavod, müasir Bakı – quraşdırmağa yardım edirdi. DJ China isə daha çox məşhur otel, məbəd və saraylar tikirdi. Ləman Əsgərova müasir dizaynlı binalar yaratmağa çalışırdı. Uşaqları məyus etməmək üçün hər birinə hədiyyə təqdim edildi. Uşaqların sevincinin həddi yox idi.