Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “Qaynar xətti”nə süni qiymət artımı ilə bağlı daxil olan şikayətlər əsasən strateji məhsulların, yəni ərzaq məhsullarının qiymətinin bahalaşması ilə əlaqədardır.
Oxu.Az xəbər verir ki, bu barədə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev bu gün keçirilən mətbuat konfransında bildirib.
O, həmçinin yerli məhsulların qiymətinin bahalaşması məsələsinə də aydınlıq gətirib:
“Azərbaycanda istehsal edilən elə məhsullar var ki, onların müəyyən hissələri xaricdən gətirilir. Digər məhsullar isə xaricdən gətirilərək, ikinci dəfə ölkədə emal olunur. Belə hallar da var”, - deyə K.Əliyev qeyd edib.
Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev ölkədə süni mal qıtlığının yaradılması istiqamətində də mübarizə aparıldığını qeyd edib:
“Biz ölkədə mal qıtlığının yaradılması məsələsinə daim diqqətlə yanaşırıq. Çalışırıq ki, əsasən qiymətlərdə qırmızı xətti keçənlərə qarşı mübarizə edək ki, belə hallar olmasın”.
İdarə rəisi həmçinin iş adamlarının fəaliyyətinə müdaxilənin də düzgün olmadığını qeyd edib:
“Digər tərəfdən biz çox ehtiyatlı olmalıyıq ki, iş adamlarının da fəaliyyətinə müdaxilə etməyək.
Onlar ölkənin ərzaqla təminatında mühüm rol oynayır. Yəni, bu məsələdə bütün halları nəzərə almalıyıq. Onlar yarım saat öz dükanlarını bağlayıb, “Biz məhsulların qiymətinə baxaq, onu sonra açacağıq”, - desə biz onları başa düşərik.
Bu halda onların başının üstünü kəsə bilmərik ki, sən niyə bunu edirsən? Amma bilsək ki, bu məqsədli surətdə, tonlarla hansısa məhsulu harasa bağlayıbsa, gizlədirsə, belə hal olduqda təbii ki, biz reaksiya verəcəyik”.
Ülviyyə R. Əli
www.oxu.az