Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə Şəki-Qax-Gəncə şəhərlərinə mediatur təşkil edilib.
Oxu.Az-ın məlumatına görə, mediaturda 20-yə yaxın media nümayəndəsi iştirak edib.
Məqsəd ölkəmizdə kənd təsərrüfatının müxtəlif sahələri və onlarla bağlı görülən işlər haqqında ictimaiyyətə informasiya verməkdir.
Media nümayəndələri ilk olaraq Oğuzun Kərimli kəndində tütün plantasiyası ilə tanış olublar.
Rayonun kənd təsərrüfatı idarəsinin rəisi Azad Əliyev jurnalistlərə bildirib ki, bir hektar tütündən əldə olunan gəlir, 30 hektar taxıldan alınan gəlirə bərabərdir:
“Ərazidə “immunium” və “virciniya” sortu yetişdirilir. Rayonda 250 hektar tütün sahəsi əkilib. Tütünçülük bu gün kənd təsərrüfatı sahələri arasında ən gəlirli sahələrdən biri hesab olunur".
Tütün sahələrində 300 nəfərə yaxın işçi çalışır. Vətəndaşlar yaş tütünün aşağı hissəsində yarı saralmış halda olan yarpaqları toplayır, yaxınlıqdakı qəbul məntəqələrinə təhvil verirlər.
Azad Əliyevin sözlərinə görə, tütünün bir kiloqramı 20 qəpikdən hesablanır:
“Yerli sort tütünlərin kiloqramından fərqli olaraq, xarici sort tütünün qiyməti 22 qəpikdir. Fermerlər bir hektar sahədən yığılan tütün yarpaqlarından təxminən 7-8 min manata qədər qazanc əldə edə bilir. Taxıl ilə müqayisədə bu çox gözəl nəticədir. Çünki, 1 hektar taxıl sahəsindən bu qədər qazanc əldə etmək mümkün deyil”.

Öyrəndik ki, istehsal edilən tütün məhsulları daxili bazardan başqa, Rusiya, Ukrayna, Belarusa ixrac edilir. Ötən il quru tütün istehsalının həcmi 200-250 ton olmuşdusa, bu il sahibkarlar bu rəqəmin 2 qat artaraq 500-600 ton olacağını gözləyir. Fermer bir hektardan 7000-8000 manat qazanc əldə edə bilər.

Havanın isti keçməsi ilə əlaqədar olaraq, işçilər günorta saatlarında sahələrdə işləmirlər. Onların gündəlik qazancları 10-12 manat arası olur.
Daha sonra media nümayəndələri Əkinçilik Elmi Tətqiqat İnstitutunun Şəki Dayaq Məntəqəsində olublar.
Məntəqənin müdiri Məcnun Şükürovun sözlərinə görə, aparılan elmi elmi-tədqiqat işləri nəticəsində 3 yeni növ buğda yaradılıb:
“Bunlar- “Şəki 1”, “Ağalı” və “Marxal” adlı növlərdir. Kənd təsərrüfatı məhsullarının hər birinin özünəməxsus keyfiyyətləri və tələb etdiyi mühitlər var. Hər yerdə istədiyimiz məhsulu əkib ondan keyfiyyətli məhsul gözləyə bilmərik. Sahibkarlara hər il təxminən 100 tona yaxın “elit” və “super elit” növ buğda toxumu verilir. Bu il hava şəraitinin dəyişkən olması, güclü yağış və anomal istilər məhsuldarlığa da mənfi təsir göstərib”.

Məcnun Şükürov qeyd edib ki, avqusta məntəqənin yaxınlığında yeni müasir toxum təmizləmə zavodu fəaliyyətə başlayacaq:
“Zavod regionda toxumçuluqla məşğul olan fermer və şirkətlərin tələbatını tam şəkildə ödəyəcək. Saatda təxminən 10 ton toxum təmizlənəcək. Zavod daxilində 3 min tona qədər toxumun saxlanılması üçün anbarların tikilməsi də planlaşdırılır.
Toxumların saxlanılmasının da başlıca şərti onların müxtəlif xəstəliklərə qarşı dezinfeksiya edilməsidir. Bu günə qədər bu proses kustar üsul ilə aparılırdı ki, bu da ekoloji baxımdan təmizləyici üçün təhlükəli idi. Yeni zavodda isə bütün bu proseslər avtomatlaşdırılmış qaydada mərhələli şəkildə aparılacaq. Toxumlar sertifikatlaşdırıldıqdan sonra tam hazır şəkildə satışa buraxılacaq”.
Növbəti marşrut xətti isə “Şəki-İpək” ASC olub. Burada məşhur Şəki kəlağayısının istehsalı ilə tanışlıq baş tutub.

ASC-nin istehsalat üzrə meneceri Qüdrət Quliyev bildirib ki, sifarişlər çoxdur:
“Hər ay 2500-3000 ədəd bir rəngli, güllü kəlağayılar istehsal edirik. Hazırda soyuq rəngli və buta, tac, ilanvari, çiyələkqəlib, balıq, nöqtə və digər milli ornamentlərin möhürləri var. 10 kilo yaş baramadan 1 kilo ipək, 1 kilo baramdan isə 8 ədəd kəlağayı hazırlamaq olur. Ümumi olaraq sahə çox incə və diqqət tələb edən sahədir”.
“Şəki-İpək” ASC tərəfindən 2016-ci ildə 70, 2017-ci ildə 240 tondan yuxarı barama istehsal edilib.

Qüdrət Quliyev qeyd edib ki, kəlağayının hazırlanmasında əl əməyindən istifadə edilir:
“Onun üzərində neçə rəng olursa, o bir gün ərzində hazırlanır. Qiymətlər 35-60 manat arası dəyişir”.
Şəkinin məşhur kəlağayısı İngiltərəyə, Fransaya, İrana və sair ölkələrə də idxal edilir.
Növbəti gediləcək məkan isə Şəkidən uzaq məsafədə yerləşməyən Qax olub.
Burada bizi Azərbaycan Arıçılar Asossiyasiyasının sədri, “Bal evi” arıçılıq müəssisəsinin sahibi Bədrəddin Həsrətov qarşıladı.

O, bildirdi ki, hazırda “Bal evi”nin 14 adda məhsulu var:
“Bunlardan 4-ü qablaşmayan, 10-u isə qablaşan məhsullardır. Burada Bal, arı südü, damazlıq (seleksiya, ana arının yetişdirilməsi), sexlər (arı pətəklərinin, çərçivələrin hazırlanması), təsərrüfat (anbar, istixana), bal verən arıların yetişdirilməsi və çoxaldılması, bal emalı və qablaşdırılması sexi, qədim arıçılıq kimi bir çox şöbələr fəaliyyət göstərir. Yaxın vaxtlarda bizdə arıçılıq turizmi ilə bağlı da işlərə başlanılacaq”.

Təsərrüfatda il ərzində 20 tona yaxın bal istehsal edə bilir. Bu il Dubaya 50 tona yaxın bal sifarişi qəbul edilib.
Mediaturun ikinci hissəsi isə jurnalistlərin Azərbaycan Dövlət Aqrar Universiteti ilə tanışlıqla başlayıb.

Rektor İbrahim Cəfərov bildirib ki, universitet ölkə ərazisində aqrar sahədə təhsil verən yeganə ali təhsil müəssisəsidir:
“Biz burada həm nəzəri, həm də praktiki cəhətdən kadrlar yetişdiririk. Bunun üçün universitet daxilində tələbələrə hər cür şərait yaradılıb. Bu il universitetin maddi-texniki bazasının gücləndirilməsi üçün dövlət büdcəsindən 1,6 milyon manat, yeni tədris korpusunun tikintisi üçün isə 5 milyon manat vəsait ayrılıb. Eyni zamanda gələn il universitet daxilində aqrar peşə məktəbi, aqrar kollec, məktəbəqədər müəssisə, innovasiyalar mərkəzi və daha bir 1000 nəfərlik yataqxana binasının tikintisi üçün 50 milyon manat vəsait ayrılıb”.

Mediaturun sonuncu günü isə jurnalistlər Respublika Süni Mayalanma Mərkəzi ilə tanış olublar.
Mərkəzin direktoru Ramiq Abbasov bildirib ki, hazırda mərkəzdə 6 cins üzrə 36 baş heyvan var:
“Xaricdən heyvanların lizinq yolu ilə gətirilməsi 3-5 min manat arası dəyişir. Bunun yarı pulunu dövlət qarşılayır. Qalan yarısını fermer heyvanı alanda ödəyir. Süni mayalanma zamanı steril şəraitdə aparıldığı üçün heç bir cinsi xəstəliklər keçmir. Amma təbii yollarla gedən prosesdə bu kimi xəstəliklərin keçmə riski 50 faizdir.
Onu da qeyd edim ki, bir inəyin təbii yolla mayalanmasında istifadə edilən spermadan 2 min dozada süni mayalanma prosesinə yararlı texnologiya hazırlanır. Həmin o hazırlanan spermalar toplusu 4 manatdan satışa buraxılır. Bu da hər il dövlətə 4 mindən çox xeyir verir”.
Heyvandarlıq Elmi Tədqiqat İnstitutunda baş çəkilib.
Müəssisənin direktoru Mahir Hacıyevin sözlərinə görə burada heyvandarlığın müxtəlif sahələri, o cümlədən quşçuluq və ipəkçilik üzrə də tədqiqatlar aparılır:
“Hazırda burada 82 cins ipəkqurdu yetişdirilir. Onlardan 50-si yerli genefond sayılır, 32-si isə xaricdən gətirilin genefondlaşdırılmış cinslərdir. Biz onları qoruyub saxlayırıq ki, üzərilərində tədqiqatlar aparılsın”.

Mediaturun sonunda jurnalistlər Ucar Pambıq Emalı Zavoduna baş çəkiblər. Zavod ildə 40 min ton pambıq emaletmə gücünə malik olacaq.

İlhamə Əbülfət
www.oxu.az