Aqrar sahədə yaz-tarla işləri sürətlə aparılır və aprel ayının 1-nə kimi 120,0 min hektar sahədə yazlıq bitkilərin səpini aparılıb.
Oxu.Az xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu dövrdə (birinci rübdə) 8,1 min hektar sahədə dənli və dənli paxlalı bitkilər (qarğıdalısız), 3,2 min hektar sahədə dən üçün qarğıdalı, 29,5 min hektar sahədə kartof, 25,1 min hektar sahədə tərəvəz, 70 hektar sahədə pambıq, 3,7 min hektar sahədə bostan bitkiləri, 2,1 min hektar sahədə dən üçün günəbaxan, 1,8 min hektar sahədə şəkər çuğunduru, 46,2 min hektar sahədə çoxillik otlar əkilib.
Heyvandarlıq sahəsində mal-qaranın baş sayının artması ilə yanaşı heyvandarlıq məhsulları istehsalı dinamik olaraq artır.
Keçən ilin müvafiq dövrü ilə müqayisədə birinci rübdə iribuynuzlu mal-qaranın baş sayı 1,1 faiz çoxalaraq 2718,9 min və qoyun və keçilərin sayı 1,0 faiz artaraq 8852,8 min başa çatıb. Bu dövrdə diri çəkidə ət istehsalı 2,4 faiz artaraq 107,1 min ton, süd istehsalı 2,8 faiz artaraq 405,4 min ton, yumurta istehsalı 13,6 faiz artaraq 371,3 milyon ədəd olub.
İlin əvvəlindən tarlalardan 11,9 min ton və ya keçən ildəkindən 9,4 faiz çox tərəvəz toplanıb.
Beləliklə, keçən ilin birinci rübü ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 3,4 faiz, o cümlədən bitkiçilik məhsulları istehsalı 5,5 faiz, heyvandarlıq məhsulları istehsalı 3,3 faiz artıb.
Gülnarə Zeynalova
www.oxu.az