“Görülmüş işlərin nəticəsi olaraq ölkəmizdə dayanıqlı, müasir və rəqabət qabiliyyətli sahibkarlıq zümrəsi formalaşıb. Bu gün ölkəmizdə özəl sektorun dəstəklənməsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir”.
Oxu.Az-ın məlumatına görə, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov yerli şirkətlərin “Heydər Əliyev və Azərbaycan sahibkarlığı” adlı tanıtım sərgisində çıxışı zamanı deyib.
Sədr bildirib ki, KOBİA-nın fəaliyyəti də məhz sahibkarlıq sahəsində müasir dövrün çağırışlarına uyğun yeni təşkilati modellərin yaradılmasına və sahibkarlığın təşviqinə yönəldilib:
“Ölkəmizdə fəaliyyət göstərən biznes subyektlərinin 99,7%-ni KOB subyektləri təşkil edir. Şübhəsiz ki, ölkənin dayanıqlı inkişafı kiçik və orta biznesin inkişaf səviyyəsi ilə sıx bağlıdır. Qeyd etmək istərdim ki, KOB subyektlərinin yeni bölgüsü meyarlarının tətbiq edildiyi, eləcə də KOBİA-nın fəaliyyətə başladığı 2018-ci ildən ötən 4 il ərzində KOB subyektlərinin sayı 45% artaraq 356 minə yaxınlaşıb”.
“Bu dövr ərzində KOB-ların qeyri-neft ÜDM-də payı 23,5%-dən 26,6%-ə, qeyri-neft ixracında payı isə 23,3%-dən 59,8%-ə yüksəlib”, - deyə o əlavə edib.
İlhamə Əbülfət