Bankların kredit və lizinq şərtlərini sərtləşdirməsi, eyni zamanda Azərbaycana istehsal ili köhnə olan maşınların gətirilməsinin qadağan olunması maşın bazarında böhranlı vəziyyətin yaranmasına səbəb olub. Avtomobil salonları, maşın satışı ilə məşğul olan sahibkarlar hələlik çıxış yolu tapa bilmirlər. Nəticədə köhnə maşınların qiyməti qalxır, müştəri qıtlığı yaranır.
Oxu.Az Musavat.com-a istinadən xəbər verir ki, Badamdar qəsəbəsində yerləşən Avtomobillərin Satış Mərkəzinin satış meneceri Vüsalın sözlərinə görə, bir müddət öncə avtomobil bazarının dirçəldilməsi məqsədi ilə atılan addımlar bir nəticə verməyib:
“Bu ilin yanvarından etibarən maşın bazarında alver demək olar ki, ölüb. Nədənsə, hələ də dövlət bu böhranlı vəziyyətdən çıxış yolunu axtarmır. Deyəsən, heç buna maraqlı da deyillər”.
Bazardakı satıcıların sözlərinə görə, Rusiya istehsalı avtomobillərin satışı yenidən canlanıb.
Satıcı Camalın sözlərinə görə, “Priora”, “VAZ 21015”, “Niva” kimi maşınlara tələbat artıb.
Bunun səbəbini satıcı İslam bu cür əsaslandırdı:
“Benzinin qiyməti qalxan gündən satış nisbətən canlanıb. Rusiya istehsalı olan yeni maşınlar ekonom sinfə aiddir. Məsələn, 1,6 litrlik “Priora” 100 kilometrə şəhərdaxili 9-10, magistralda isə 7-8 litr benzin sərf edir. Maşınları həm bank yolu, həm də salondaxili kredit şərtləri ilə satırıq”.
Satıcı ilə söhbət əsnasında öyrəndik ki, bazar rəhbərliyi yer haqlarını 300-1000 manat arası qaldırıb:
“Nizami rayonunda ehtiyat hissələrinin satıldığı bazarda bu yaxınlarda yer haqları qaldırıldı. 5-6 gün sonra burda da qiymətlər səbəbsiz və qəfil qaldırıldı. Əvvəllər aylıq 1000 manat verdiyimiz yerə indi bizdən 1500 manat alırlar. Bəzən elə olur ki, 4-5 ay bircə maşın da sata bilmirik. Onda yer haqqını da ödəyə bilmirik”.
Bazar günü olduğundan öz maşınını bazara gətirib satmaq istəyənlər kifayət qədər idi. Maşını satmaq məqsədi ilə bazara gətirənlərdən 15 manat yığılır. Satıcılardan onu da öyrəndik ki, bazar günü işbazlar burada maşın saxlamağın qiymətini 20-30 manata kimi qaldırır. Onlar bunun səbəbini həftə sonu bazara maşın gətirənlərin həddindən çox olması ilə izah edirlər.
Bazarda “Mercedes” (C 240) 2002-ci il - 17500 dollar, “Volkswagen (Touareg) 2004-cü il - 26000 dollar, “Fiat (Albea) 2006-cı il - 7600 dollar, “Mercedes” (E 500) 2002-ci il - 25000 dollar, “Mercedes (E 240) 2000-ci il - 18900 dollar, ”Crysler” (300 C) 2005-ci il - 25000 dollar, “Opel” (Astra) 1999-cı il - 9200 dollardan başlayan qiymətlərlə satılır.