Azərbaycan Mərkəzi Bankı (AMB) yanında Mərkəzləşdirilmiş Kredit Reyestri Xidmətinin məlumatına görə 2015-ci ilin noyabr ayının yekunlarına görə, Azərbaycanda 2 milyon 532 min 712 nəfər borcalan (kredit borcu olanlar-red.) qeydə alınıb.
Bu da ötən ilin oktyabr ayının yekunları ilə müqayisədə 13 min 218 nəfər və ya 0,52% çoxdur. İlin əvvəlindən isə kredit borcu olanların sayı 216 min 172 nəfər və ya 9,3% artıb.
Bu barədə Oxu.Az AMB-yə istinadən xəbər verir.
Ötən ilin noyabr ayının yekunlarına görə, xidmətin bazasında 10 milyon 636 - dan çox kredit haqqında informasiyalar saxlanılır. AMB-nin məlumatına görə, dekabrın 1-nə, xidmətə 213 mindən çox sorğu daxil olub ki, onların 91%-i banklar tərəfindən edilib.
Bundan başqa, 2013-cü ildə Azərbaycanda 1 milyon 952 min borcalan, 2012-ci ildə 1 milyon 540 min borcalan qeydə alınıb.
Qeyd edək ki, noyabrın yekunlarına görə, zamin şəxslərin sayı son bir ayda 10 min 77 nəfər artıb.
Məlumat üçün bildirək ki, Mərkəzləşdirilmiş Kredit Reyestri (MKR) 2005-ci ildə Mərkəzi Bankda yaradılıb. MKR-də ölkənin bank sektorunda kredit öhdəliyi olan fiziki və hüquqi şəxslərin məbləğindən asılı olmayaraq bütün kreditləri haqqında məlumat toplanır.
Ülviyyə R. Əli
www.oxu.az