2015-ci ilin dekabr ayında “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin gəmiləri ilə Bakı-Aktau istiqamətində 566, 2016-cı ilin ilk 7 günü ərzində isə 255 yük maşını daşınıb.
Bu barədə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyin” dən Oxu.Az-a bildirilib.
“2015-ci ilin yanvar-noyabr aylarında Bakı-Aktau istiqamətində ayda orta hesabla 60 yük maşını daşınırdı. Bu da 10 dəfədən çox artım deməkdir.
Ələt limanında yük avtomobillərinin sıxlığının tam aradan qaldırılması istiqamətində Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin rəhbərliyi tərəfindən ardıcıl tədbirlər görülür. Qış aylarında hava şəraitinin çətinliyinə baxmayaraq, gəmilərin əlavə səfərləri təşkil edilir, ehtiyatda olan gəmilər istismara qaytarılır.
Belə ki, dekabrın ortalarından keçən müddətdə əlavə 3 bərə - “Akademik Topçubaşov”, “Qarabağ” və “Professor Gül” gəmiləri istismar ehtiyatından çıxarılaraq yükdaşımalara cəlb edilib. Yaxın günlərdə daha bir gəmi – “Merkuri-1” müvafiq texniki işlərdən sonra istismara buraxılacaq”, - deyə QSC-dən qeyd edilib.
Qurumdan həmçinin bildirilib ki, hazırda Bakıdan Aktau və Türkmənbaşı istiqamətlərində 11 bərə və 2 Ro-Ro gəmisi işləyir. Görülmüş tədbirlər nəticəsində Aktau limanında yük maşınlarının sıxlığı tam aradan qaldırılıb, Ələt limanında isə avtomobillərin yükləməni gözləmə müddəti yarıbayarı azalıb.
Xatırladaq ki, bərə və Ro-Ro gəmilərinin səfərləri barədə məlumatlar onlayn rejimdə Gəmiçiliyin veb-saytında (www.acsc.az) mütəmadi olaraq yerləşdirilir.
Ülviyyə R. Əli
www.oxu.az