Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) “Qiymətli kağızlar bazarı haqqında” qanuna uyğun olaraq “Qiymətli kağızlar bazarında sui-istifadələrin qarşısının alınması haqqında” qaydaları təsdiqləyib.
QKDK-dan Oxu.Az-a verilən məlumata görə, qaydalar Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib.
“Söhbət qiymətli kağızlar bazarında sui-istifadələrin müəyyən edilməsi və qarşısının alınmasını, insayd məlumatın açıqlanmasını və təqdim edilməsini, insayder siyahısının tərtib edilməsinə dair tələbləri, insayderlərin qiymətli kağızları kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış aid olduğu emitentlərin səhmləri ilə və ya baza aktivinin həmin səhmlərdən ibarət olan törəmə maliyyə alətləri ilə bağladığı əqdlər barədə məlumatın açıqlanmasını və insayder tərəfindən bağlanmış əqdlər haqqında məlumatın təqdim edilməsini özündə əks etdirən qaydalardan gedir”, - deyə qurumdan bildirilib.
QKDK həmçinin Mülki Məcəlləyə uyğun olaraq “Depozitar qəbzlərinin buraxılışı, onların dövlət qeydiyyatına alınması və tədavülü” qaydasını təsdiqləyib. Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmiş bu qayda depozitar qəbzlərinin buraxılışı, onların dövlət qeydiyyatına alınması və tədavülü qaydasını müəyyən edir.
Ülviyyə R. Əli
www.oxu.az