Küləkli hava şəraitində işçilərin işləməsi yeni qaydalarla tənzimlənəcək.
Oxu.Az-ın məlumatına görə, sözügedən məsələ Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsinə təklif edilən dəyişiklik layihəsində əksini tapıb.
Qanun layihəsinə əsasən, işçilər küləkli havada açıq şəraitli iş yerlərində (o cümlədən həmin iş yerləri üzrə qurğularda) işləyərkən onlara müəyyən olunmuş qaydada fasilələr veriləcək və iş dayandırılacaq.
Həmçinin küləyin gücü 6 baldan 8 baladək olduqda quruda istismar olunan kranlarla işlərin görülməsinə həmin kranların texniki pasportlarında nəzərdə tutulmuş hallarda yol veriləcək. Küləyin gücü 8 baldan artıq olduqda qeyd edilən kranlarla görülən bütün növ işlər hər bir halda dayandırılacaq.