Maliyyə amnistiyası iqtisadiyyatda şəffaflıq yaratmayacaq. Buna baxmayaraq, maliyyə amnistiyası vacibdir. Bu, şəffaflığın yaradılması yönündə atılan ilk addım ola bilər.
Oxu.Az Marja-ya istinadən xəbər verir ki, bu barədə vəkil Aslan İsmayılov müsahibəsində bildirib.
Onun fikrincə, amnistiya nəticəsində ölkəyə gətirilən pulların miqdarından asılı olaraq müəyyən faizi dövlətin nəfinə tutula bilər.
“İlk öncə ölkəyə gətirilən pulun nə qədər faizinin dövlətin nəfinə tutulması müəyyən edilməlidir. Bir çoxları, o cümlədən mən, hesab edirik ki, bu pullar vergidən yayınmaq və ya cinayət yolu ilə qazanılıb. Bəzi dostlarımız düşünür ki, ölkəyə gətirilən pulların yarıdan çoxu ödənilməyən vergilərin və ya cinayətin kompensasiya edilməsi üçün dövlətin nəfinə tutulmalıdır. Mən isə əksinə, hesab edirəm ki, gətirilən pulların miqdarından asılı olaraq müəyyən faizi tutula bilər və ən yüksək hədd 10 faiz olmalıdır. Belə olmasa, heç kim ölkəyə pul qaytarmaz” , - A.İsmayılov qeyd edib.
Vəkil hesab edir ki, oğurluq yolu ilə qazanılan pullar və əmlak şəffaflaşarsa vergi ödənişləri dəfələrlə arta bilər. Həm də pulların qaytarılması Azərbaycan vətəndaşının xarici ölkələrdən asılılığını azaldar.
“Pulların hansı ölkədədirsə, mülkiyyətin hansı ölkədədirsə o ölkənin marağını qorumağa məcbursan”, - o qeyd edib.
Qeyd edək ki, bir neçə gün öncə vergilər naziri Fazil Məmmədov bildirmişdi ki, qeyri-qanuni yollarla əldə edilmiş, vergidən gizlədilmiş əmlakın və gəlirlərin leqallaşdırılması üçün müvafiq amnistiya sisteminə keçmək lazımdır.