Xarici dövlətlərə verilmiş kreditlər üzrə daxilolmalar 14,1 milyon manat proqnoza qarşı icra 18,6 milyon manat və ya 4,5 milyon manat çox olub. Proqnozun artımla icra olunmasının əsas səbəbi manatın xarici valyutaya nisbətən yeni məzənnəsinin təsiri olub.
Hesabat ilində şəffaflığın artırılması istiqamətində aparılmış məqsədyönlü tədbirlər nəticəsində sair xərclər (iqtisadi təsnifatın 282100 xərc paraqrafı üzrə) 2014-cü illə müqayisədə 327,7 milyon manat və ya 23,1% azalıb.
Bu barədə Oxu.Az Maliyyə Nazirliyinə istinadən xəbər verir.
“Vəsaitlərdən istifadə üzrə nəzarətin daha da artırılması, kommunal (elektrik və istilik enerjisi, qaz və su haqqı və s.), idarənin saxlanılması, ezamiyyə, nəqliyyat xidmətləri haqqının ödənilməsi, beynəlxalq və respublika səviyyəli tədbirlərin keçirilməsi, dövlət borcuna və öhdəliklərinə xidmət, beynəlxalq təşkilatlara üzvlük haqqı, qeyri-maliyyə aktivlərinin alınması və digər xərclər qənaətlə icra edilib”, - deyə nazirlikdən qeyd edilib.
Nazirliyin məlumatına görə, 2015-ci ildə ictimai-sosial və iqtisadi həyatın ən əlamətdar hadisəsindən olan I Avropa Oyunlarının keçirilməsi üçün maliyyə təminatı olaraq 1 milyard 329,2 milyon manat vəsait yönəldilib.
Bundan başqa, “Cənubi Qaz Dəhlizi” (CQD) layihəsində Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti vasitəsilə Azərbaycan tərəfinin iştirakı payına 650 milyon manat vəsait sərf edilib.
“Xarici kreditlər hesabına maliyyələşdirilən layihələr üzrə xərclər 2015-ci ildə ölkəmizdə bir sıra infrastrukturların, o cümlədən elektrik stansiyalarının, yolların, kanalizasiya sistemlərinin tikintisi, su təchizatı, irriqasiya və drenaj işləri və digər layihələr üzrə Azərbaycan Hökuməti tərəfindən xaricdən cəlb olunmuş kreditlər hesabına 848,3 milyon manat (823,6 milyon ABŞ dolları) məbləğində vəsait istifadə eidlib”, - deyə nazirliyin açıqladığı hesabatda əks olunub.
Ülviyyə R. Əli
www.oxu.az