Maliyyə Nazirliyi 2015-ci il üzrə dövlət büdcəsinin icrasına (operativ) dair məlumatı açıqlayıb.
Bu barədə nazirlikdən Oxu.Az-a bildirilib.
2015-ci il üzrə dövlət büdcəsinin mədaxili 17 mlrd. 153,2 mln. manat, xərcləri 17 mlrd. 786,8 mln. manat olub.2015-ci il üzrə dövlət büdcəsinin mədaxili 19,438 mlrd. manat proqnoza qarşı 17 mlrd. 153,2 mln. manat və yaxud 88,2% icra olunub.
2015-ci ildə dövlət büdcəsinin xərcləri 84,3% və yaxud 17 mlrd. 786,8 mln. manat icra edilib.
2015-ci il ərzində dövlət büdcəsi xərclərinin 10 mlrd. 361,5 mln. manatı və yaxud 58,2%-i cari xərclərə, 6 mlrd. 720,9 mln. manatı və yaxud 37,8%-i əsaslı xərclərə, 704,4 mln. manatı və yaxud 4%-i dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönəldilib.
Dövlət büdcəsi xərclərinin 31,9%-i və yaxud 5 mlrd. 665,9 mln. manatı sosial təyinatlı xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilib ki, bu da 2014-cü illə müqayisədə 188 mln. manat və yaxud 3,4% çoxdur.
Funksional təsnifata uyğun olaraq 2015-ci ildə 2014-cü illə müqayisədə nəqliyyat və rabitə xərclərinə 35,4% (31,2 mln. manat), ümumi dövlət xidmətləri xərclərinə 24,4% (347,6 mln. manat), müdafiə xərclərinə 12,2% (184,7 mln. manat), iqtisadi fəaliyyətlə bağlı xərclərə 10,2% (31,4 mln. manat), kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi xərclərinə 8,5% (42,9 mln. manat), səhiyyə xərclərinə 6,4% (42,9 mln. manat), təhsil xərclərinə 3,3% (51,3 mln. manat), məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarının saxlanılması xərclərinə 0,2% (2,2 mln. manat) ) çox vəsait yönəldilib.
2015-ci ildə dövlət büdcəsindən dövlət əsaslı vəsait qoyuluşu xərclərinə 4 mlrd. 994,4 mln. manat vəsait yönəldilib. Bu xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 28,1% olub.
2015-ci il üzrə büdcə təşkilatlarının təqdim etdikləri xərc sifarişləri üzrə xəzinədarlıq orqanları tərəfindən qəbul edilmiş öhdəliklər tam və vaxtında maliyyələşdirilib. Dövlət büdcəsinin kəsiri 633,6 mln. manat təşkil edib və kəsir maliyyələşmə mənbələri hesabına bağlanıb.
2015-ci ilin icmal büdcəsinin gəlirləri 18 mlrd. 207,3 mln. manat, xərcləri isə 21 mlrd. 67,1 mln. manat icra olunub.
Ülviyyə R. Əli
www.oxu.az