Azərbaycanın 2016-cı il dövlət büdcəsinin mədaxili 16 mlrd. 822 mln. manat proqnoza qarşı 17 mlrd. 501,2 mln. manat və ya 104% icra olunub.
Bu barədə Oxu.Az Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Vergilər Nazirliyi tərəfindən mədaxil proqnozu 100,1% icra edilməklə dövlət büdcəsinə 7 mlrd. 15,2 mln. manat vəsait təmin edilib.
Həmin vəsaitin 77,1%-i və ya 5 mlrd. 408,2 mln. manatı qeyri-neft sektorundan daxilolmaların payına düşüb ki, bu da 2015-ci ilə nisbətən 379,8 mln. manat və ya 7,6% çoxdur.
Dövlət Gömrük Komitəsi proqnoza 126,6% əməl edərək dövlət büdcəsinə 2 mlrd. 291,6 mln. manat vəsait təmin edib ki, bu da 2015-ci illə müqayisədə 699,7 mln. manat və ya 44% çoxdur.
Hesabat ilində dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən 239,1 mln. manat, maliyyə aktivlərinin yenidən qiymətləndirilməsindən 130,9 mln. manat, verilmiş kreditlərin qaytarılması və dövlət zəmanətləri üzrə 68,8 mln. manat, o cümlədən xarici kreditlər üzrə 54,2 mln. manat, cərimə və sanksiyaların tətbiqindən 40,4 mln. manat, sair daxilolmalardan 92,2 mln. manat vəsait dövlət büdcəsinə daxil olub.
Dövlət Neft Fondundan büdcəyə 7 mlrd. 615 mln. manat vəsait transfer edilib ki, bu da 2015-ci illə müqayisədə 515 mln. manat və 6,3% azdır.
Təhlil olunan dövrdə dövlət büdcəsinin xərcləri 95,9% və ya 17 mlrd. 742,4 mln. manat icra edilib, bunun 7 mlrd. 120,2 mln. manatı sonuncu rübün payına düşüb. Büdcə vəsaitlərinin 11 mlrd. 693 mln. manatı və ya 65,9%-i cari xərclərə, 4 mlrd. 283,9 mln. manatı və ya 24,1%-i əsaslı xərclərə, 1 mlrd. 765,5 mln. manatı və ya 10%-i dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönəldilib.
Dövlət büdcəsi xərclərinin 35,2%-i və ya 6 mlrd. 237,4 mln. manatı sosial təyinatlı xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilib ki, bu da 2015-ci illə müqayisədə 571,5 mln. manat və ya 10,1% çoxdur. Dövlət büdcəsinin kəsiri 242,1 mln. manat təşkil edib.
Qeyd edək ki, 2016-cı ilin icmal büdcəsinin gəlirləri 21 mlrd. 581,6 mln. manat, xərcləri isə 21 mlrd. 406 mln. manat təşkil edib.
U.A.
www.oxu.az