"Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) "Masdar" şirkəti Arbaycandakı layihələrə 1.2 milyard ABŞ dolları həcmində investisiya yatıracaq".
Oxu.Az xəbər verir ki, bunu "Masdar" şirkətinin MDB ölkələri üzrə inkişaf və investisiya rəhbəri Məryəm Al Mazroyi Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda bildirib.
O xatırladıb ki, "Masdar" Azərbaycanda ilk böyük "utility" ölçülü bərpaolunan enerji layihəsini həyata keçirib və bu layihə artıq təxminən iki ildir fəaliyyət göstərir:
"Bu, 230 meqavatlıq Qaradağ Günəş Elektrik Stansiyasıdır. "Baku Energy Week" çərçivəsində strateji tərəfdaşımız SOCAR ilə birgə Azərbaycanda əlavə 1 gigavatlıq layihələrin inkişafı üçün çox önəmli bir razılaşma imzaladıq. Bu layihələrə hal-hazırda tikilməkdə olan iki günəş elektrik stansiyası daxildir. Üçüncü layihə isə 240 meqavatlıq quru tipli külək enerjisi layihəsidir. Bu layihələrlə "Masdar" Azərbaycanda təxminən 1.2 milyard ABŞ dolları həcmində investisiya həyata keçirmiş olacaq".
"Masdar" rəsmisi qeyd edib ki, onlar tərəfdaşları ilə birgə ölkədə əlavə bərpaolunan enerji layihələrinin inkişafını da araşdırır: "Xüsusilə Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq və yaşıl enerjinin Avropaya ixracını təmin edən bir dəhlizin yaradılması təşəbbüsləri çərçivəsində bu imkanlar daha da genişlənəcək".
Məryəm Al Mazroyi qeyd edib ki, texniki baxımdan diqqət yetirilməsi vacib olan ilk məqam şəbəkə infrastrukturu və onun çevikliyidir: "Daha bir vacib məqam isə kadrlar və təchizat zənciridir. Lazımi texniki kadrları tapmaq bəzən çətin olur. "Masdar" olaraq biz layihələrin həyata keçirilməsi və idarə olunmasında yerli kadrların inkişafına xüsusi diqqət yetiririk. "Qaradağ" Günəş Elektrik Stansiyası layihəsi hazırda 100% Azərbaycan tərəfindən idarə olunur. Biz yerli heyətin layihəni idarə etmək üçün lazımi texniki bacarıqları əldə etməsinə böyük vaxt və səy sərf edirik.
Eyni zamanda, təchizat zənciri də çətinliklərdən biridir. Günəş, külək, batareya saxlama kimi layihələrdə təchizat zəncirindəki məhdudiyyətlər qiymətlərin artmasına səbəb ola bilər. Bu da bərpaolunan enerji sektorunda hazırda qarşıya çıxan vacib çağırışlardan biridir", - deyə "Masdar" rəsmisi əlavə edib.
Məhərrəm Əliyev