"İqlim dəyişikliyi su vasitəsilə özünü göstərir".
Oxu.Az xəbər verir ki, bunu Hollandiya Krallığının xüsusi su elçisi Meike van Ginneken COP29 çərçivəsində "Su üzərində fəaliyyət: İqlim tədbirləri üçün su həlləri" sessiyasında deyib.
O bildirib ki, bu, daşqınların artması deməkdir:
"Bunu Valensiyada, Barselonada gördük. Belə fəlakətlər son dövrlərdə intensivləşib".
Su elçisi əlavə edib ki, suyu iqlim problemlərinin həllinin bir hissəsinə çevirməliyik:
"Biz suyu iqlimə uyğunlaşmanın mühərrikinə çevirməli və birlikdə hərəkət etməliyik. Bunun üçün üç səviyyədə düşünmək lazımdır.
Birincisi - ən yaxşı mühəndislik və texnologiyadır. İkincisi - hamının, bütün ölkələrin, bu dünyadakı bütün bölgələrin ən yaxşı texnologiya və mühəndisliyə çıxışı olduğundan əmin olmaqdır.
Nəhayət, yalnız texnologiya və mühəndisliyin bizi bu problemdən xilas etməyəcəyini də dərk etməliyik. Biz daha çox iş görməliyik.
Su anbarının 99%-i təbiətdədir. O, bataqlıq ərazilərdə, sulu təbəqələrdə, göllərdə, çaylardadır. Biz onları sürətlə məhv edirik. Son bir neçə onillikdə biz bataqlıq ərazilərimizin 30%-ni məhv etmişik", - deyə əlavə edib.
Məhərrəm Əliyev