Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Mərkəzi Bank faizləri azaldıb: Nə gözlənilir?
“Mərkəzi Bankın notlarının faiz dərəcələrində kəskin azalmalar qeydə alınıb. Belə ki, ötən ilin avqustunda 8,29 faizə təklif edilən 28 günlük notlar üzrə son faiz dərəcəsi indi 6,60 faizə enib”.
Bu barədə iqtisadçı ekspert, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov sosial şəbəkə hesabında məlumat paylaşıb.
Bildirilib ki, həmin müddətdə 84 günlük notlar 8,60 faizdən 6,65 faizə, 168 günlük notlar üzrə son faiz dərəcəsi isə 8,71-dən 6,71-ə enib. 252 günlük notlar üzrə son faiz dərəcəsi isə 9,18 faizdən 6,72 faizədək azalıb. Göründüyü kimi, Mərkəzi Bankın bütün notlarında gəlirlik səviyyəsi aşağı düşüb.
“Təhlillərimiz göstərir ki, faizlərin azalmasının bir sıra səbəbi var. Əvvəla, Mərkəzi Bankın yüksəkfaizli notları digər dövlət qiymətli kağızlarını, praktik olaraq, “sıxışdırırdı”. O, birbaşa digər dövlət qiymətli kağızlarında da faiz artımlarına getməyi stimullaşdırmışdı. Bu isə qiymətli kağızlar bazarında daha yüksəkfaizli borclanma demək idi. İkincisi, Mərkəzi Bank uçot faiz dərəcəsini azaltdıqdan sonra notlarda faizlərin aşağı düşməsi gözlənilən idi. Praktik olaraq, hazırda uçot faiz dərəcəsinin ən çox və bəlkə də hələlik yeganə birbaşa təsir etdiyi istiqamət məhz notların faiz dərəcəsidir. Üçüncüsü, yüksəkfaizli notlar ilə Mərkəzi Bank bankların passiv aktivlərinin bir hissəsini cəlb edə bildi və bununla da maliyyə qurumlarında əlavə resurslara tələb yaratdı. Nəhayət, digər dövlət qiymətli kağızlarına nisbətən və bəzən xeyli aşağı faizlərin ödəndiyi ekosistemdə Mərkəzi Bankın bahalı notları uzun müddət sektorda saxlaya bilməyəcəyi bəlli idi. Bütün bunlar ilə yanaşı, Mərkəzi Bankın yüksəkfaizli notları nəinki banklar, hətta bir sıra digər qurumlar üçün əlavə gəlir imkanları yaratdı.
Digər mühüm və eləcə də maraqlı məqamlardan biri də Mərkəzi Bankın uçot və eləcə də notlar üzrə son faiz dərəcəsinin aşağı düşməsinə rəğmən banklarda depozit faizlərinin artmasıdır. Mərkəzi Bankdakı azalma qərarları bank sektorunda əks istiqamətdə faiz dəyişiklikləri ilə müşahidə olunmaqdadır”, - deyə deputat qeyd edib.
"Milli Məclis" teqi üzrə xəbərlər
- "Ermənistan Qərb ölkələrinin təxribatlarında alət olmamalıdır" - RƏY
- Ruben Vardanyanın oğlu Azərbaycana qarşı kampaniyanı maliyyələşdirənlərdən olub - HESABAT
- COP29 ərəfəsində Azərbaycana qarşı təbliğat aparacaq veb-səhifələr yaradılıb - HESABAT
- Çoxdandır anons edilən reyestr ləngiyir, zərərçəkənlərin sayı isə artır - "Kaspi"nin ARAŞDIRMASI
- İki övladı olan şəxslərin hərbi xidmətə çağırılmaması təklif edilib