Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti bu gün uçot dərəcəsini 13%-dən 11%-ə endirib.
Oxu.Az xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfransında bəyan edib.
O bildirib ki, faiz dəhlizinin yuxarı və aşağı həddi +/- 3% səviyyəsində təsdiqlənib:
“Faiz dəhlizinin parametrləri haqda qərar qəbul edilərkən əsas məqsəd makroiqtisadi dayanıqlığın artırılmasına yönəlib.
Bu gün ölkədə inflyasiya birrəqəmlidir və aşağı düşməkdədir. Orta illik inflyasiya 4 faiz təşkil edib. İnflyasiyanın birrəqəmli həddə düşməsi qeyri-neft sektoru üzrə milli valyutanın məzənnəsinin ucuzlaşmasını göstərir.
Bundan əlavə, inflyasiyanın azalması əhalinin real gəlirlərinin artımını dəstəkləyir. Son proseslər makroiqtisadi dayanıqlığın daha da güclənəcəyini göstərir.
Tədiyyə balansı göstəricilərinin bundan sonra da müsbətə doğru gedəcəyini proqnozlaşdırırıq”.
Qeyd edək ki, fevralın 12-də Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti bu gün uçot dərəcəsinin 15%-dən 13%-ə, faiz dəhlizinin yuxarı həddinin 18%-dən 16%-ə, aşağı həddinin isə 10%-dən 8%-ə endirilməsi barədə qərar qəbul edib.
Faiz dəhlizinin parametrləri növbəti dəfə bu il iyunun 14-də müzakirə ediləcək.
Leyla Əliyeva
www.oxu.az