Bu ilin 9 ayı ərzində manatın xarici valyutalara nəzərən məzənnəsi tədiyyə balansı üzrə meyillərə uyğun və məzənnə rejiminin çevikliyinin daha da artırılması şəraitində formalaşıb.
Oxu.Az Mərkəzi Banka istinadən xəbər verir ki, 2017-ci ilin 9 ayı ərzində valyuta bazarının ümumi həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə əhəmiyyətli dərəcədə azalıb. Belə ki, hesabat dövründə ötən ilin 9 ayı ilə müqayisədə ABŞ dolları ilə valyuta əməliyyatlarının həcmi 20.4%, avro ilə əməliyyatların həcmi isə 7% enib.
Dövr ərzində valyuta bazarında əməliyyatların 83%-i ABŞ dollarında, 17 %-i digər valyutalarda aparılıb.
Valyuta əməliyyatlarının 24% hissəsi banklararası valyuta bazarında (BVB), 76%-i isə bankdaxili valyuta bazarında (BDVB) reallaşdırılıb. ABŞ dolları ilə BVB-də aparılan əməliyyatların 58.1%-i bankların valyuta mövqeyinin tənzimlənməsi ilə əlaqədar olub.
BDVB-də isə valyuta əməliyyatlarının 95.6%-i hüquqi şəxslərə valyuta satışı təşkil edib. Valyuta bazarının həcminin azalması nağd xarici valyuta bazarı seqmentində də müşahidə edilib.
Banklar tərəfindən ötən ilin 9 ayı ərzində 281 mln. ABŞ dolları xalis valyuta satışı həyata keçirildiyi halda, cari ilin ötən dövründə 117 mln. ABŞ dolları xalis alış həyata keçirilib. Bu da manatın stabilliyi ilə əlaqədardır.
L.Ə.