Azərbaycanın kredit təşkilatlarının sənaye sektoruna verdiyi kreditlərin məbləği 2 milyard manatı ötüb.
Oxu.Az-a Mərkəzi Bankdan verilən məlumata görə, 2015-ci ilin yanvarın 1-nə olan məlumata görə, sənaye və istehsal sektoruna verilən kreditlər 2 milyard 027,8 milyon manata çatıb. Bu da ötən ilin əvvəli ilə müqayisədə (1 milyard 841,3 milyon manat) 186,5 milyon manat artım deməkdir.
Qeyd edək ki, sənaye sektoruna verilən kreditlərin cəmi kreditlərdə (18 milyard 542,6 milyon manat) xüsusi çəkisi 10.9% təşkil edir.
Məlumat üçün bildirək ki, kredit təşkilatları tərəfindən 18 milyard 542,6 milyon manat kredit qoyuluşunun 2 milyard 680,7 milyon manatı “Ticarət və xidmət”ə (xüsusi çəkisi 14,5%), 847,3 milyon manatı kənd təsərrüfatı və emala (xüsusi çəkisi 4,6 %), 2 milyard 555,1 milyon manatı inşaat və əmlaka (xüsusi çəkisi 13,8%), 736,0 milyon manatı nəqliyyat və rabitəyə (xüsusi çəkisi 4%), 195,8 milyon manat energetika, kimya və təbii ehtiyatlara (xüsusi çəkisi 1.1%), 7 milyard 731,8 milyon manatı (xüsusi çəkisi 44%) ev təsərrüfatlarına aid olub.
Xatırladaq ki, vaxtı keçmiş kreditlərin ümumi həcmi isə 976,3 milyon manat olmaqla, ümumi kredit qoyuluşunda payı 5,3% təşkil edib. Sənaye və istehsal sektoruna, energetika, kimya və təbii ehtiyatlar qoyulan kreditlərin ümumi həcmi bir ay ərzində azalsa da, digər sektorlar üzrə artımlar müşahidə olunub.
www.oxu.az