"Ölkənin strateji valyuta ehtiyatları 2025-ci ilin 10 ayında 16.2% artıb və dövrün sonuna 82.5 milyard dollar təşkil edib. O cümlədən Mərkəzi Bankın valyuta ehtiyatları oktyabr ayının sonuna 11.4 milyard dollara bərabər olub. Strateji valyuta ehtiyatları beynəlxalq miqyasda qəbul edilmiş kifayətlilik normalarını əhəmiyyətli şəkildə üstələməkdə davam edir. Belə ki, strateji valyuta ehtiyatları 37 aylıq mal və xidmət idxalına kifayət edir".
Oxu.Az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı Mərkəzi Bankın sədri Taleh Kazımov deyib.
O bildirib ki, 2025-ci ildə pul siyasəti monetar şərait vasitəsilə inflyasiyanın hədəf daxilində saxlanılmasına yönəldilib:
"Rəsmi məlumata görə 2025-ci ilin sentyabrında 12 aylıq inflyasiya 5.7% olub.
Cari ildə inflyasiyaya bir sıra təklif və tələb amilləri təsir edib. Xarici mənşəli xərc amillərinin hesabat dövründə də inflyasiyanın dinamikasına təsiri əhəmiyyətli olub. Qiymətləndirmələrə görə 2025-ci ilin sentyabr ayında ölkədə illik inflyasiyaya ticarət tərəfdaşlarındakı inflyasiya 3.1 faiz bəndi artırıcı təsir göstərib. Bu dövrdə nominal effektiv məzənnənin inflyasiyaya təsiri neytral olub. Dövr ərzində daxili təklif və tələb amillərinin də inflyasiyaya təsiri ümumilikdə artırıcı olub. Ümumilikdə inflyasiyanın 70%-dən çox hissəsi təklif, xüsusilə də xarici təklif amilləri hesabına formalaşıb ki, bu da monetar siyasətlə inflyasiyaya reaksiya imkanlarını məhdudlaşdırır".
"2025-ci ilin ötən dövründə nağd və nağdsız seqmentlər üzrə ümumilikdə valyuta bazarında təklif tələbi üstələyib, bu da qiymət sabitliyinə zəruri dəstək verib. Tədiyə balansının cari əməliyyatlar hesabının profisitli olaraq qalması valyuta bazarında tarazlığı dəstəkləyən başlıca amil olub. Həmçinin, rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsinin ilin əvvəlindən 1.6 faiz bəndi azalaraq, 2025-ci ilin sentyabrında 29%-ə enməsi məzənnə ilə bağlı gözləntilərin nikbin olduğunu göstərir. Xüsusi vurğulamaq lazımdır ki, 2022-ci ildən bəri Mərkəzi Bank tərəfindən pul siyasətinin ötürücülüyünün gücləndirilməsi, xüsusilə də banklararası pul bazarının inkişaf etdirilməsi üzrə həyata keçirilən islahatlar bu dedollarlaşma dinamikasını dəstəkləyib", - deyə sədr əlavə edib.
Mərahim Nəsib