"2019-cu il yanvarın 1-dən 2025-ci il noyabrın 1-dək orta təqvim günləri hesabı ilə qeyri-neft-qaz özəl sektorda 200-ə yaxın yeni iş yerinin yaradılması qeydə alınıb. Bu, çox böyük iqtisadi nəticədir".
Oxu.Az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov parlamentin bu gün keçirilən plenar iclasında "2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin I oxunuşuna dair müzakirədə bildirib.
Nazir deyib ki, aktiv vergi ödəyicilərinin sayı iki dəfə artıb:
"Bu müddət ərzində ölkədə aktiv vergi ödəyicilərinin sayı iki dəfə artaraq 845 mini ötüb".
"Qeyri-neft-qaz özəl sektorda əməkhaqqılarının tədricən, mərhələli şəkildə vergiyə cəlb edilməsinə dair təklif verilib. Belə ki, 2 500 manatadək əməkhaqqıları 2028-ci ildə, hətta 7% dərəcə ilə vergiyə cəlb olunsa belə, bu güzəştin tamamilə ləğv olunduğu təqdirdə tətbiq olunmalı 14% dərəcə ilə müqayisədə yenə də iki dəfə aşağıdır", - deyə nazir əlavə edib.
Mərahim Nəsib