Azərbaycanda belə getsə inflyasiya 6 faizdən çox olacaq.
Oxu.Az SalamNews-a istinadən xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov deyib.
O, ölkədə yanacağın qiymətindəki artımına görə, son günlərdə əksər məhsulların, xüsusilə ərzağın qiymətlərinin bahalaşmasına münasibət bildirəkən söyləyib ki, qiymət artımının qarşısının alınması üçün qabaqlayıcı tədbirlərin görülməsi daha da ciddiləşməlidir.
“Təəssüflər olsun ki, ölkədə obyektivlikdən çox, subyektiv səbəblərə görə qiymətlər qaldırılır və bu da əhalinin aztəminatlı təbəqəsinə ziyan vurur”.
V.Əhmədov vurğulayıb ki, əsas məqsəd subyektiv qiymətlərə nəzarəti gücləndirməkdir. İqtisadiyyat və Sənaye Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti monitorinqlərini daha da gücləndirməli və subyektiv səbəbdən qaldırılan qiymətlərə görə müəyyən qədər cərimələr həyata keçirməlidir:
“Yəni bununla ciddi məşğul olunmalıdır. Bu gün səhər kartofun qiymətini soruşanda bildirdilər ki, 1 manat 40 qəpiyədir. Bu qiymətə kartof olmaz. Yəni qiymət artımı çox böyükdür. Biz qiymət artımının bu qədər olacağını gözləmirdik. Xüsusilə ərzaq məhsullarını burada qeyd etmək olar. Belə getsə, inflyasiya nəzərdə tutulan proqnozlardan çox, yəni 6 -7 faiz səviyyəsinə çıxacaq.”