Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
“Muğanbank”ın ləğvedicisi müəyyənləşdi - YENİLƏNİB
Azərbaycanda Əmanətlərin Sığortalanması Fondu (ƏSF) “Muğanbank” ASC-nin ləğvedicisi təyin edilib.
Bu barədə Fonddan bildirilib.
Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 18 oktyabr 2023-cü il tarixli qərarı ilə məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş minimum miqdarından az olduğuna, məcmu kapitalının adekvatlıq əmsalının 3%-dən az olmasına, cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədiyinə, habelə bankın daxili idarəetmə və nəzarət prosedurları adekvat olmadığına görə “Banklar haqqında” qanuna əsasən “Muğanbank” ASC-nin lisenziyası oktyabrın 19-dan etibarən ləğv edilib, banka müvəqqəti inzibatçı təyin edilib və bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət olunub.
Bakı Apellyasiya Məhkəməsinin oktyabrın 24-də 2-3(103)-54/2023 saylı qərarı ilə “Muğanbank” ASC müflis elan edilib və iflas proseduruna başlanılıb.
17:04
Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-3(103)-54/2023 nömrəli 24 oktyabr 2023-cü il tarixli qərarı ilə “Muğanbank” ASC müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu adıçəkilən Bankın ləğvedicisi təyin edilib. Həmçinin “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq “Muğanbank” ASC-də sığorta hadisəsi günü 24 oktyabr 2023-cü il müəyyən edilib.
Əmanətlərin Sığortalanması Fondunun məlumatına görə, kompensasiyaların ödənilməsi 27 noyabr 2023-cü il tarixdən başlayaraq həyata keçiriləcək.
Məlumata görə, “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanunun 28.3-cü maddəsinə əsasən, Əmanətlərin Sığortalanması Fondu əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir. Kompensasiyaların ödənilməsi üçün sənəd qəbulunun yeri barədə əlavə məlumat veriləcək.
Kompensasiyaların ödənilməsi prosesi haqqında ətraflı məlumatı buradan əldə edə bilərsiniz.