Hazırda yekunlaşmaqda olan ən böyük nəqliyyat layihələrindən biri Bakı-Tbilisi-Qars layihəsidir.
Ötən ilin sonunda dəmir yolu xətti ilə ilk istismar qatarı buraxılıb. Bu il tikinti işlərinin başa çatdırılması nəzərdə tutulur.
Oxu.Az xəbər verir ki, bunu Azərbaycanın nəqliyyat nazirinin müavini Musa Pənahov Bakı Ekspo Mərkəzində 14-cü Beynəlxalq Nəqliyyat, tranzit və loqistika sərgisinin açılışında deyib.
“Artıq Gürcüstan və Türkiyə sərhədində olan 4 kilometr uzunluğunda tunelin açılış mərasimi keçirilib. Bu tunel sərhəddə dəmir yolu xətlərinin birləşməsinə mane olan yeganə sədd idi. Hazırda həmin ərazidə dəmir yolu xətlərinin birləşdirilməsi üzərində işlər davam edir”, - nazir müavini bildirib.
Onun sözlərinə görə, bu böyük layihənin məntiqi nəticəsindən biri də Xəzər sahilində yeni Beynəlxalq Dəniz Limanının inşasıdır.
“Limanın tikintisi uğurla davam edir. Ötən ilin sonunda limanın bərə terminalı istifadəyə verilib və hazırda orada işlər davam edir.
Eyni zamanda Ələtdə inşa olunan liman böyük bir logistik mərkəzə çevriləcək. Ələtdə logistik mərkəzin inşası, yüklərin axını üçün müvafiq şəraitin yaradılması prosesi davam edir”, - Musa Pənahov deyib.
Nazir müavini əlavə edib ki, vacib mərhələlərdən biri də Azərbaycanın dəmir yollarının yenidən qurulmasıdır.
“Bu işdə atılan addımlar daha da sürətləndirilib. Yaxın zamanlarda dəmir yollarının yenidən qurulması layihəsi Azərbaycan üzərindən keçən BTQ layihəsinə xidmət göstərəcəkdir.
Dəmir yollarının qurulması həm yol infrastrukturunun yenilənməsi, həm də onun enerji təminatının, rabitə-işıqvermə sisteminin yenilənməsi, yeni nəqliyyat vasitələri – qatarların, sərnişin və yük vaqonlarının istismara verilməsi deməkdir. Bu da həm ticarət əlaqələrinin, həm də sərnişindaşımaya öz müsbət təsirini göstərəck”, - Musa Pənahov deyib.
O bildirib ki, nəqliyyat sektorunun mühüm istiqamətlərindən olan dəniz daşınmaları sahəsində də işlər uğurla davam etdirilir, yeni gəmilər alınır.
“Yeni neft daşıyan gəmilər, bərələrin alınması Xəzər dənizi üzərindən tranzit yük daşınması işinə xidmət edəcək və bu daşımaların həcminin artması ilə nəticələnəcək”, - Musa Pənahov deyib.