“Dövlət Neft Şirkəti (SOCAR) dollar nominallı istiqrazlarını bazara çıxartmaqla əhaliyə əlindəki mövcud dollar kütləsini passiv şəkildə saxlamamağa, ondan qazanc əldə etməyə imkan yaratdı. Əlbəttə, bu çox müsbət bir addım idi. Amma Azərbaycanda daha çox manatla olan qiymətli kağızlar artmalıdır. Çünki vətəndaşlarımız dollara öyrəşməməlidirlər”.
Oxu.Az Fins.az-a istinadən xəbər verir ki, bu sözləri investisiya şirkətinin direktoru Abid Mamedov bildirib.
A.Mamedov hesab edir ki, dollarla ifadə olunan qiymətli kağızların artması manata ciddi zərbə vura bilər: “Bu, çox sadə bir aksiomadır: pul inamdı, inam olmasa, pul mövcud ola bilməz. Dolları niyə alırlar, çünki ABŞ iqtisadiyyatına böyük inam var.
Azərbaycanda xalqın milli valyutaya - manata inamını bərpa etmək lazımdı. Ona görə də, qiymətli kağzılar bazarında hazırda buraxılan və gələcəkdə planlaşdırılan əksər alətlər manatla olmalıdır”.
Mütəxəssis hesab edir ki, daxili bazarda yeni dollar alətlərinin peyda olmasını ölkə vətəndaşları manatın daha da çökəcəyinə siqnal kimə qəbul edə bilərlər. Ona görə də maksimal şəkildə manata önəm verilməldir:
“Hazırda əhalidə bir qədər “panika effekti” var. Dolanışıq pulunu belə dollara çevirməyə cəhd göstərirlər. Bu panika da manata psixoloji təzyiqi artırır”.
A.Mamedovun sözlərinə görə, əksər dövlətlərin milli valyutalarında ucuzlaşma müşahidə olunur. Bu vəziyyətdən çıxmaq üçün Azərbaycan da milli iqtisadiyyatın dirçəldilməsi istiqamətində tədbirlər görülməlidir və hazırda dövlətin açıqladığı strategiyada bu məsələlər öz əksini tapıb.
U.A.
www.oxu.az