Devalvasiyanın sığorta şirkətlərinin xidmətlərinin bahalaşmasına təsiri olsa da, bu o qədər deyil ki, sığorta növünü şirkətlər üçün səmərəsiz etsin.
Oxu.Az xəbər verir ki, bu sözləri Dövlət Sığorta Xidmətinin rəisi Namiq Xəlilov bu gün keçirilən konfransda jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, sığorta şirkətləri öz xərclərini azalda bilərlər:
“Şirkətlərin zərəri iki hissədən ibarətdir. Bir zərər əmsalı deyirik ona yəni, sığorta haqqının hansı hissəsi sırf sığorta ödənişi verilməsinə sərf olunub. O biri hissəsi də xərc əmsalı deyirik, yəni işin aparılması xərcləri (agent kommisisyası, şirkətin digər xərcləri, əmək haqqları və s). Belə deyək, sığorta ödənişindən əlavə xərcləri. Burda da biz görürük ki, ödənişlər üzrə əmsal kifayət qədər normaldır, amma xərclər hissəsində şirkətlərin üzərinə düşür ki, öz fəaliyyətlərini optimallaşdırıb, o xərc hissəsini azaltsınlar”-deyə, Namiq Xəlilov bildirib.
Namiq Xəlilov bildirir ki, şirkətlər xərclərini azaltmaq üçün ixtisarlar belə edə bilərlər:
“İnformasiya texnologiyaalrından daha geniş istifadə etmək, bir işi bir adam görə bilərsə 3 adam işlətməməklə optimallaşdırmağa nail olmaq olar. Baxmaq lazımdır ki, harda artıq xərclər var ondan imtina etmək lazımdır. İstənilən iqtisadi şəraitdə bu normaldır. Şirkətlər daim öz xərclərini və gəlirlərini təhlil edirlər”.
Onun sözlərinə görə, xərclərin azaldılması bazarda rəqabətliliyi də artırır:
“Xərclərin azaldılması sığorta şirkətlərinin rəqbətliliyini də artırır. Bu imkan verir ki, sığorta şirkətləri öz məhsullarını daha sərfəli qiymətə sata bilsinlər”-deyə, xidmətin rəisi bildirib.
“Şirkətlərin zərəri isə şirkətdən şirkətə dəyişir. Ümumi bir rəqəm demək çətindir”- deyə, o əlavə edib.
Ülviyyə R.Əli
www.oxu.az