“Nar Mobile” könüllülərin işə götürülməsi prosesini asanlaşdırmaq üçün ölkə ərazisindəki satış mərkəzlərində geniş reklam kampaniyasına start verməyə hazırlaşır. Eyni zamanda, “Nar Mobile” 12000 könüllü üçün xüsusi mobil proqramını tətbiq edəcək.
Oxu.Az xəbər verir ki, bu proqram vasitəsi ilə könüllülər Avropa Oyunları haqqında ən son xəbərləri əldə etməklə yanaşı öz funksiyaları barədə də məlumat alacaqlar.
Azerfon MMC-nin (“Nar Mobile” ticarət nişanı) baş icraçı direktoru Kent Maknili Avropa Oyunlarının əlamətdar tədbir olacağını xüsusi qeyd edib və Könüllülər proqramı əsasında tərəfdaşlıq etməklə, Bakı-2015 Avropa Oyunlarını dəstəkləməkdən qürur duyduqlarını söyləyib. “Təkmil texniki imkanlarımız və Azərbaycan gəncləri ilə güclü əlaqələrimiz sayəsində, könüllülərin inkişafına dəstək vermək və ölkə üçün müsbət əbədi miras qoymaqla düzgün mövqe seçmişik”, - deyə o bildirib.
Könüllülәr Oyunlar ərzində ali qonaqlar və atletlərin qarşılanması, idman tədbirlərində əməkdaşlar və ya kütləvi informasiya vasitələrinin nümayəndələrinə hər cür dәstәyin göstərilməsi kimi mühüm məsələləri həll etmək imkanına malik olacaqlar.
“Bakı-2015 Könüllülər proqramı Azərbaycandakı gənclərə birinci Avropa Oyunlarının açılış mərasimində yaxından iştirak etmək üçün böyük imkan yaradır. Könüllülərin cəlb olunması və təlimatlandırılmasına hərtərəfli yardımçı olan “Nar Mobile” mobil operatorunun fəaliyyəti olduqca təqdirəlayiqdir. Biz Avropa Oyunlarına qədər qalmış günləri saydıqca, onların Azərbaycanın gənc insanları ilə bağlantı qurmaq bacarığının nə dərəcədə önəmli olduğu öz təsdiqini tapacaqdır”, – deyə Bakı 2015-in baş əməliyyat direktoru Saymon Kleqq qeyd edib.
Mobil operator hər bir könüllünü “Nar” kartı və ödənişsiz balansla təmin edəcək, öz sosial media kanalları, sms və könüllülər barədə yeni yaradılmış qısa filmlərlə Bakı-2015 Avropa Oyunlarını təbliğ edəcək.