“Nar” ünsiyyət məhdudiyyəti olan şəxslərə dəstək verilməsi məqsədilə daha bir sosial layihəyə start verib.
Oxu.Az xəbər verir ki, “Təlim məktəbi” layihəsinin əsas məqsədi nitq və eşitmə məhdudiyyəti olan gənclərin cəmiyyətə interqasiya olunması istiqamətində mobil operator tərəfindən həyata keçirilən sosial məsuliyyət strategiyasının uğurla davam etdirilməsidir.
Nitq və eşitmə imkanları məhdud olan şəxslərin peşə hazırlığına dəstək olmaq, onların iş bacarıqlarının artırılmasına çalışmaq “Təlim məktəbi” layihəsinin ən vacib məqsəd və hədəflərindəndir. Bu missiya çərçivəsində nitq və eşitmə məhdudiyyətli gənclər üçün xüsusi təlimlərin həyata keçirilməsi nəzərdə tutulub.
Üç ay davam edəcək layihə müddətində nitq və eşitmə məhdudiyyəti olan 18-30 yaş arasındakı 75 gəncin 3 iqtiqamət üzrə - rabitə cihazı təmiri, kompüter təmiri və dizayn proqramları sahəsində bilik, bacarıq, səriştə qazanması məqsədilə peşəkar mütəxəssislər tərəfindən xüsusi təlimlər keçiriləcək.
Bu məqsədlə təşkil edilmiş tədbirdə “Uğur Akademiyası”nın həmtəsisçisi Cavid Şahmalıyev jurnalistlərə deyib:
“Həyat bizimlə daha rəngarəng” layihəsini “Nar”, “Uğur Akademiyası”, “ASAN Könüllüləri” Cəmiyyəti ilə birgə əməkdaşlığı çərçivəsində həyata keçirdirik. Layihənin əsas məqsədi ünsiyyət məhdudiyyəti olan gənclərin iş bacarıqlarının artırılmasına dəstək olmaqdır.
Bu təlim layihəsinə 18-30 yaş arası gənclər qatılır. Onlara 3 ay ərzində peşə hazırlığına dəstək olaraq kompüter bacarıqlarının artırılması, mobil operator cihazlarının təmiri və dizayn proqramlarının öyrənilməsi istiqamətində dəstək verəcəyik.
Bu layihənin əsas məqsədi ünsiyyət məhdudiyyəti olan gəncləri əmək bazarına cəlb etmək, onların cəmiyyətə interqasiya olunmasına dəstək olmaq və rifahına xidmət göstərməkdir. Layihənin əsas hədəflərindən biri qeyd etdiyimiz kimi bu gəncləri məhz yenidən cəmiyyətə qazandırmaqdır”.
“Azerfon” MMC-nin ictimaiyyətlə əlaqələr üzrə rəhbəri Əziz Axundov isə bildirib:
“Nar” sosial layihələrin hər zaman yanında olub. Şirkətimizin çoxşaxəli və uzunmüddətli korporativ sosial məsuliyyət strategiyası var. Düşünürük ki, bizim xidmət göstərdiyimiz cəmiyyət qarşısında öhdəliklərimiz var. Bu öhdəliklər də sırf sosial məsuliyyət istiqamətindədir və layihələrə dəstək çərçivəsində təqdim olunur.
“Nar” innovasiya, elm, mədəniyyət, idman və fiziki məhdudiyyətli insanlara hər zaman dəstək verir. Bu layihələrin özəlliyi isə ondan ibarətdir ki, onlar qısamüddətli deyil, uzunmüddətli, başlanğıc və nəticəsi olan layihələrdir”.
Onun sözlərinə görə, hazırda “Azərfon” MMC-də 11 nəfər fiziki məhdudiyyətli şəxs çalışır və onlar baş direktorluqdan tutmuş, informasiya texnologiyaları, hüquq, maliyyə, insan resursları, satış departamentlərində fəaliyyət göstərirlər.
“Onlar tam iş fəaliyyətindədirlər. Onların bizim iş qrafikimizə inteqrasiyası çox rahat şəkildə həyata keçir”, - deyə Ə.Axundov deyib.
Qeyd edək ki, layihənin həyata keçirildiyi müddət ərzində təşkilatçı heyət tərəfindən psixoloq gənclərin peşə potensiallarını qiymətləndirəcək, həftə ərzində təşkil olunacaq görüşlərdə daxili maneələrə qalib gəlməklə, özünə inam və motivasiyanın artırılmasına onlara yardım edəcək.
Artıq üç ildir ki, “Nar” nitq və fiziki eşitmə imkanları mədud olan şəxslərin cəmiyyətə qazandırılması istiqamətində müxtəlif layihələr həyata keçirir.
“Təlim məktəbi” layihəsi bu xeyirxah ənənənin davamı olmaqla yanaşı, həm də ünsiyyət məhdudiyyətli vətəndaşların cəmiyyətə və sosial həyata inteqrasiyası nöqteyi-nəzərindən son dərəcə əhəmiyyətlidir.
U.A.
www.oxu.az